Masallıda 38 km-lik yolun qurulması davam edir
Masallı rayonunda respublika əhəmiyyətli Masallı dəmir yolu stansiyası avtomobil yolunun 4-cü kilometrindən ayrılan Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam edir.
Ümumi uzunluğu 38 kilometr olan avtomobil yollarının eni 10 metrə qədər genişləndirilir. Həmin yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və keyfiyyətlə aparılır. Tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Layihə üzrə yolun Ləngan (1.4 km), Əhmədli (1.4 km), Təklə-Mollahəsənli (2 km), Qədirli-Xallıcalı (3 km), Həsənli-Köçəkli (6.9 km) və Hüseynhacılı-Öncəqala (9 km) hissələri üzrə torpaq işləri, suötürücü boruların quraşdırılması, yol əsasının tikintisi və ikiqat yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşdırılıb. Hazırda həmin hissələrdə yol çiyinlərinin bərkidilməsi işləri aparılır.
Aparılan işlər çərçivəsində layihənin Təklə-Viləş hissəsində Viləş, Taxta və Ağqobu çayları üzərində yerləşən mövcud avtomobil körpülərinin cari təmiri də həyata keçirilib. Yolun Təklə-Viləş (9 km) hissəsində də bu işlər yerinə yetirilib, artıq yolun 3.8 kilometrlik hissəsinə ikiqat asfalt örtüyü döşənib. Layihənin bu hissəsi III və IV texniki dərəcəyə uyğun olaraq tikilir.
Layihənin Bala-Təklə-Şərəfə (5.3 km) hissəsində isə hazırda yararsız asfalt örtüyün frezlənməsi işləri aparılır.
“İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq.
Yolların yenidən qurulmasında məqsəd yolboyu 27 yaşayış məntəqəsində yaşayan 51 min əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.