Masallıda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qalib xalqın qürur günü” adlı tədbir keçirilib
05 noyabr 2026-cı il tarixində Masallı Dövlət Regional Kolleci və Masallı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin tərəfdaşlığı ilə Heydər Əliyev Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qalib xalqın qürur günü” adlı tədbir keçirilib.
Tədbirdə şəhid valideynləri, təşkilatçı qurumların əməkdaşları, tələbələr, rayon ağsaqqalları, eləcə də idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.
Rəsmi hissə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Tədbiri giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin əhəmiyyətindən bəhs edib. O, bu möhtəşəm Zəfərin xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, qəhrəmanlıq ruhunun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin təntənəsi olduğunu vurğulayıb. Direktor, həmçinin şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edilməsinin, qazilərimizin qəhrəmanlığının unudulmamasının hər bir vətəndaşın mənəvi borcu olduğunu diqqətə çatdırıb.
Daha sonra Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Nuranə Muradova, Aprel döyüşlərinin şəhidi Nurlan Əsgərlinin və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba Əsgərova, Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev, həmçinin Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Murovdağdan Şuşayadək şərəfli döyüş yolu keçmiş, “Qarabağ” və III dərəcəli “Rəşadət” ordenləri ilə təltif olunmuş ehtiyatda olan qazi komandir Nazim Cəfərzadə çıxış ediblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, ordumuzun döyüş meydanında göstərdiyi misilsiz qəhrəmanlıqdan ətraflı bəhs olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin xalqımızın milli qürurunun, dövlətimizin qüdrətinin və Azərbaycan Ordusunun gücünün təcəssümü olduğu vurğulanıb. Eyni zamanda, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, qazilərimizin fədakarlığının yüksək qiymətləndirilməsi və Zəfər tarixinin gənc nəslə aşılanmasının vacibliyi qeyd edilib.
Tədbirin sonunda Masallı Dövlət Regional Kollecinin tələbələri tərəfindən “Qalib xalqın qürur günü” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib və rəqs nömrəsi təqdim olunub.






