Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
Rayonda əhalinin sosial rifahının yüksəldilməsi və infrastrukturun müasirləşdirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Xüsusilə ərazilərdə əhalinin gündəlik həyat şəraitinin yaxşılaşdırılması istiqamətində təmir-bərpa və abadlıq işləri görülmüşdür.
Belə ki, Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Xırmandalı ərazisində 60 metr dərinliyində artezian su quyusu qazılaraq istifadəyə verilmiş, Qarğalıq ərazinin Eminli kəndində suaparıcı kanallar təmizlənmiş, Lürən ərazisində texnika vasitəsilə pay torpaqlarına gedən yol hamarlanmış və Xıl kəndində su ötrücü borularda təmir işləri aparılmışdır.
Masallı Elektrik Şəbəkəsi tərəfindən Qəriblər ərazisinin Şıxlar kəndində 1 ədəd yeni transformator quraşdırılmış və 1 ədəd yararsız elektrik dirəyi yenisi ilə əvəz olunmuşdur.
Ərkivan qəsəbəsində Şəhidlər Abidə Kompleksi əsaslı təmir olunmuş və ətrafına asfalt örtüyü döşənmişdir. Viləş ərazisində Şəhidlər Kompleksin həyətində ağac əkmə kampaniyası keçirilmişdir. Çaxırlı, Köhnə Alvadı və Sığdaş ərazilərində giriş lövhələri yenisi ilə əvəz olunmuşdur.
Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən evi yanan vətəndaş üçün yeni fərdi yaşayış evinin tikintisinə başlanılıb. Mahmudavar kəndində xeyriyyəçilərin maddi dəstəyi ilə mərasim evinin tikintisinə başlanılıb. Banbaşı ərazisinin Böyük Xocavar kəndində xeyriyyəçilərin maddi dəstəyi ilə mərasim evinin tikintisi davam etdirilir.