Masallıda açıq hava sərgi-pleneri
Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı şəhər XI illik İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə reallaşan sərgidə rəssam Ehtiram Məmmədovun rəhbərliyi ilə adıçəkilən qurumların şagirdləri Heydər Əliyev adına istirahət parkında rəsm əsərləri yaradıblar.
Sərgidə rayon rəsmiləri, mədəniyyət işçiləri, şagirdlər, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərgi-pleneri Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva açaraq ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə mərkəz tərəfindən keçirilən silsilə tədbirlər barədə məlumat verərək plenerin əhəmiyyətindən söz açıb. D. İbayeva sərgi-plenerin yeniyetmə və gənclərin vətənpərvərlik, dövlətə sədaqət və etimad ruhunda tərbiyə olunması, habelə, böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması və onların yaradıcılıq imkanlarını genişləndirmək məqsədilə keçirildiyini qeyd edib.
Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova çıxış edərək təqdim olunan əsərlər haqqında öz fikirlərini bölüşüb. Sənətin təbliğində belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayan A. Qafarova, yeniyetmə və gənc rəssamlara yaradıcılıq işlərində uğurlar arzulayıb.
Masallı rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə son 1 il ərzində artıq ikinci dəfə keçirilən sərgi-plener rayon əhalisinin böyük marağına səbəb olub. Qeyd edək ki, bu qəbildən tədbirlər bundan sonra da davam edəcək.