Masallıda “Ağdam və Kəlbəcər Şəhəri Günü” münasibətilə tədbir keçirilib
20 noyabr 2024-cü il tarixdə Masallı Tarix -Diyarşünaslıq Muzeyində “Ağdam və Kəlbəcər Şəhəri Günü” münasibətilə “Qələbəni təsdiqləyən tarixi günlərimiz” adlı təbdir keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti, Masallı Tarix -Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana, Heydər Əliyev Mərkəzi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 44 günlük Vətən Müharibəsi iştirakçıları, gənclər və mədəniyyət işçiləri iştirak etdilər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Ağdam və Kəlbəcər şəhər günləri münasibətilə hamını təbrik edib.
Sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova 2020-ci ilin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat nəticəsində Ağdam və Kəlbəcərin də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edilməsi, düşmənin rayonlardan çıxmağa məcbur edilməsinin Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisi olmağından geniş bəh etdi.
Daha sonra Lənkəran Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayon üzrə nümayəndəsi Salman Yunusov, Qarabağ Müharibəsi Əlilləri, veteranları və Şəhid ailələri ictimai birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov, Masallı Rayon Statistika idarəsinin məsləhətçisi Babək Abdullayev, Mərkəzi Kitabxananın əməkdaşı Rasif Dadaşov və Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova çıxış edərək bildirdilər ki, dörd ildir üçrəngli bayrağımız işğaldan azad edilən ərazilərdə qürurla dalğalanır. Qəhrəman xalqın qalib ölkəsi, heç bir yerdən kömək gözləmədən Qarabağı və Şərqi Zəngəzuru yenidən quran, düşmənin dağıtdığı və taladığı şəhərlərə, kəndlərə ikinci həyat verən, dünyada sülh carçısı kimi tanınan Azərbaycan tarixinin ən şərəfli səhifəsini 44 günlük müharibədə yazdı. Azərbaycanın əzəli torpağı olan Ağdam və Kəlbəcər şəhərlərinin Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi sayəsində imzalanan kapitulyasiya aktına əsasən geri qaytarıldı.
Tədbirdə iştirak edən bir qrup vətən müharibəsi iştirakçısı təşkilatçı müəssisələr tərəfindən “Fəxri Fərman” və hədiyyə ilə təltif olunub.
Tarix-diyarşünaslıq Muzeyində Ağdam və Kəlbəcər Şəhəri Günü münasibətilə “Qələbəni təsdiqləyən tarixi günlərimiz” adlı tədbir iştirakçıların Rəsm Qalereyasının dərnək üzvlərinin çəkdikləri rəsm sərgisi ilə tanış olaraq muzeyin Vətənpərvərlik guşəsinə ekskursiya etməsi ilə yekunlaşdı.