Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Ana və uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış" mövzusunda beynəlxalq elmi konfrans

08 may 2025 | 17:36

08 may 2025-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Ana və uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Masallı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının və “Ascent” şirkətinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Ana və uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları və qonaqlar Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini böyük hörmət və ehtiramla anıblar. Sonra nümayəndə heyəti Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgilərlə və ekspozisiyalarla tanış olublar.

Beynəlxalq elmi konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə işə başlayıb. Tədbir iştirakçıları Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, tədbir iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıb.

Konfransın rəsmi açılış hissəsində çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim Ceyhun Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı naminə misilsiz xidmətlərindən, ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində, ana və uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilmiş islahatlardan danışıb. Qeyd edib ki, Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Son illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində Azərbaycanda mama-ginekologiya, ana və uşaqların sağlamlığının təmin edilməsi sahəsində tibbi xidmətlərin keyfiyyəti xeyli yüksəlib, mama-ginekologiya, pediatriya və neonatologiya üzrə kadr potensialı əhəmiyyətli dərəcədə gücləndirilib.

Ceyhun Məmmədov Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə tibbin müxtəlif aktual mövzularında keçirilən konfrans, konqres və elmi tədbirlər barədə məlumat verib, iştirakçıları sessiyalarda fəal iştirak etməyə, fikir və təkliflərini bölüşməyə səsləyib.

Konfransın rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, Əməkdar həkim Rəşad Mahmudov və TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov da çıxış ediblər.

Məruzəçilər çıxışlarında Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan, ana və uşaq sağlamlığının müdafiəsi və inkişaf etdirilməsi istiqamətində misilsiz xidmətlərindən söz açıblar. Həmçinin Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə keçirilən bu konfransın mama-ginekologiya, ana və uşaq sağlamlığı sahəsində müasir elmi yanaşmaların paylaşılması, beynəlxalq təcrübənin öyrənilməsi və milli səhiyyə sistemində tətbiqi istiqamətində əhəmiyyətli bir platforma olduğu vurğulanıb.

Konfransın rəsmi açılış hissəsindən sonra Azərbaycan, Türkiyə və İngiltərənin aparıcı tibb müəssisələrində çalışan yüksəkixtisaslı mütəxəssislər çıxış ediblər. Konfransın “Mamalıq patalogiyaları” , “Ginekologiyada müasir müalicələr” və “Ginekologiyada müasir müalicələr” mövzularında olan panellərində Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekoloqu, Fidan İsrafil-Bəyli, Türkiyənin Avropa Asiya Mama-Ginekologiya Dərnəyinin rəhbəri, qadın xəstəlikləri və doğum uzmanı Məlahət Atasevər, Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi Təranə Bayramova, Laboratoriya şöbəsinin rəisi Səbinə İbrahimova, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq-ginekologiya kafedrasının müdiri Leyla Rzaquliyeva, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov, Türkiyənin Ankara Yıldırım Beyazıt Universitetinin Uşaq sağlamlığı və xəstəlikləri bölməsinin professoru Nihal Demirel və Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu Təranə Göyüşova təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, konfransda yerli həkimlərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün panel müzakirələri və sual-cavab sessiyaları təşkil olunub. Konfransın hər bir iştirakçısına 7 DTT balı və sertifikat təqdim edilib.

Keçidlər