MASALLIDA ARIÇILIQ UĞURLA İNKİŞAF ETDİRİLİR
Masallı rayonunda kənd təsərrüfatının digər ənənəvi sahələri kimi, arıçılıq da məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi sayəsində inkişaf edir. Rayonda arıçılıqla məşğul olanların və arı ailələrinin sayı ilbəil artır.
Masallı arıçıları bu günlərdə son süzümü aparırlar. 250 arı ailəsi olan Ərkivan qəsəbə sakini Qönçə Quliyeva artıq balın bir qismini süzüb. Deyir ki, builki bal ötən ildəkindən 20-30 faiz çox olduğundan süzüm mərhələ-mərhələ aparılır. Arıçılığa iki arı ailəsi ilə başlamışam. Hazırda 250 arı yeşiyim var. Üç gündür ki, bal süzürük. May balını da süzmüşdük. Amma indi bütün çiçəklərin nektarları toplanıb. Hazırda müalicəvi çiçəklərdən toplanan balı süzürük. Pətəklərimizi də görürsüz, doludur. Bir yeşikdən 20 kiloqram bal alırıq. Ötən il isə 12-15 kiloqram götürürdük. Yaz aylarında yağıntı çox olduğundan çiçəklər yaxşı nektar verdi, nəticədə arılar da yaxşı işlədi və məhsuldarlıq bol oldu.
Arı ailələrinin yerlərinin dəyişdirilməsi balın keyfiyyətinə birbaşa təsir göstərir. Çünki hər yerin təbiəti özünəməxsus olur. Təsərrüfat sahibləri bu il ilk dəfə arı ailələrinin bir qismini təbiəti, bitki örtüyü zəngin olan Lerikə aparıblar.
Arıçı Asim Quliyev danışır ki, biz bu il arıları digər rayonlarla yanaşı, Lerikə də apardıq. Lerik təbiətində çiçəklər zəngindir, müalicəvi xüsusiyyətləri çoxdur. Görürsünüz, pətəklər doludur, hamısı Lerik balıdır. Hazırda Lerik balının süzümünü aparırıq. Çox keyfiyyətlidir. Bu cür məqamlar qiymətə də təsir göstərir. Lerik balı sırf müalicəvi çiçəklərdən toplandığına görə əlbəttə ki, qiymətə də təsir edəcək.
Pətəklərdən balın hamısı götürülmür, arıların qış yemi üçün də saxlanılır. Bu, həm də sağlam beçəvermə üçün vacibdir.
Qönçə Quliyeva qış yemindən danışarkən bildirib ki, arılar üçün yalnız təbii bal saxlanmalıdır. Bunlar qışlamaya saxladığımız güləmli çərçivələrdir. Hamısı təbii baldır. Arı qışdan təbii balla çıxanda çox keyfiyyətli olur. Hazırda qış üçün 8 çərçivə bal saxlamışıq.
Hər arı pətəyinə görə subsidiyanın verilməsi məhsul istehsalçılarının bu sahəyə marağını daha da artırıb. Masallıda 539 arıçıya 11 min 521 arı ailəsi üzrə subsidiya ödənilib.