Masallıda “Azərbaycanın qalib gəncləri” adlı dəyirmi masa
Masallı rayon Heydər Əliyev Mərkəzində “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş “Azərbaycanın qalib gəncləri” adlı dəyirmi masa keçirilib.
Masallı rayon Gənclər və İdman İdarəsinin ,Masallı rayon Heydər Əliyev Mərkəzinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Qazilər, mədəniyyət işçiləri, müəllimlər və gənclər iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov açaraq iştrakçıları “Zəfər günü” münasibəti ilə təbrik edib. Xalqımızın bir yumruq kimi Prezident, Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşməsindən, ölkə Prezidentinin müharibə dönəmində, qələbənin qazanılmasında göstərdiyi inanılmaz qətiyyətindən danışan S. Cahangirov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın 44 günlük müharibədə göstərdikləri qəhrəmanlıqlardan söz açıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə bildirib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.
Daha sonra I və II Qarabağ Müharibəsi iştirakçısı ehtiyyatda olan zabit-kapitan Cəmaləddin Məmmədov, Vətən Müharibəsi iştrakçısı ehtiyyatda olan zabit-leytenat Həmid Mənsimov, Qazi Ceyhun Qurbanov gəncləri salamlayaraq hər il 8 Noyabr tarixinin “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilməsindən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından və keçdikləri şərəfli döyüş yolundan söhbət açıblar.
Diskussiya şəklində keçən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Yekunda tədbirdə iştirak edən Qazilərə Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamələr təqdim edilib və xatirə şəkli çəkilib.