Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Azərbaycanın zəfər tarixi” mövzusunda konfrans

15 iyun 2024 | 12:32

Masallı şəhər Heydər Əliyev Mərkəzində 15 İyun- Milli Qurtuluş Günü münasibəti ilə “Azərbaycanın zəfər tarixi” mövzusunda konfrans keçirilmişdir.

            Konfransda Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcədə rayonun ağsaqqalları, ziyalıları və media əməkdaşları iştirak etmişlər.

            İlk öncə tədbir iştirakçıları Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin abidəsi qarşısına tər gül dəstələri düzərək Dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər.

           Masallı şəhər Heydər Əliyev Mərkəzində baş tutan konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi  ilə başladı.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov Azərbaycan Xalqının Ümummilli Lideri, Dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi olmaması, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan olması haqqında geniş məruzə ilə çıxış etdi. 

 Daha sonra Rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Mehtiyev, Yeni Azərbaycan Partiyasının gənc fəalı Aytən Əliyeva, I və II Qarabağ Müharibəsi iştirakçısı, polkovnik Həbib Həbibov, RİHB-nın Boradigah qəsəbə üzrə İƏD üzrə nümayəndəsi Racim Əsgərov çıxış edərək bildirdilər ki, Ümummilli lider ölkənin ictimai-siyasi, sosial, iqdisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı. 1994-cü ilin may ayında ölkəmiz üçün həyatı əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrildi. Bu illərdə Heydər Əliyevin gərgin zəhməti, əzmi və siyasi iradəsi sayəsində miqyasına görə görünməmiş səviyyədə nəhəng layihələr həyata  keçirildi. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkənin inkişafı tarixində yeni bir mərhələnin əsasını qoydu. Dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də Yeni Azərbaycan Partiyasının öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir.

15 İyun- Milli Qurtuluş Günü münasibəti ilə “Azərbaycanın zəfər tarixi” mövzusunda keçirilən konfrans rayon rəhbəri cənab Araz Əhmədovun “Müqəddəs Vətən müharibəsində Azərbaycan xalqı yenilməz, məğrur xalq olduğunu nümayiş etdirdi. 30 ilə yaxın düşmən tapdağı altında qalan həmin ərazilərimiz bu gün tarixi sahiblərinə qovuşduqları üçün sevinclidir, qürurludur. Mənfur düşməndən təmizlənmiş cənnət Qarabağımızda artıq yeni həyat başlayıb. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib ölkənin qalib Lideri, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə  davamlı səfərləri ilə bu torpağın sahibinin Azərbaycan xalqı olduğunu bir daha təsdiqləyir. Azərbaycanı daim irəliyə aparan milli ruh, vətənpərvərlik hissi, torpaq, Vətən sevgisi 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizi şərtləndirən başlıca amil oldu.

Bu Qələbənin müəllifi 15 iyun 1993-cü il tarixini Milli Qurtuluş Günü kimi əbədiləşdirən, Azərbaycanın müstəqilliyinin sarsılmazlığını təmin edən, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Cənab İlham Əliyev Zəfərimizin baş memarı və əsas hərəkətverici qüvvəsi olmaqla Azərbaycan tarixinə adını qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı.     

Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Milli Qurtuluş Gününü tarixi Zəfərimizlə qeyd etmək xoşbəxtliyini xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir, belə güclü, qüdrətli ölkənin vətəndaşı olmaqdan qürur hissi keçirdiyini bildirir, ölkə Prezidentinin ətrafında sıx birləşməklə Qarabağımızı cənnətməkana çevirmək üçün səylərini birləşdirir. Tarixi Zəfərinə yol açan Milli Qurtuluş Günün mübarək, Azərbaycan!” sözləri ilə yekunlaşdı.

Keçidlər