Masallıda “Azərbaycanlıların həmrəylik günü: milli birlik simvolu” mövzusunda konfrans keçirilib
21 Noyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Gənclər Evi SXM-də “Azərbaycanlıların həmrəylik günü: milli birlik simvolu” mövzusunda konfrans keçirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Masallı regional bölməsinin müdiri Elvin Hüseynli bildirib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Ümummilli Liderimiz Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu həmrəyliyə öz töhfələrini verirlər. E. Hüseynli qeyd edib ki, Ümummilli Lider azərbaycançılıq məfkurəsinin, azərbaycançılıq ideyasının, həmrəyliyin banisidir.
DQİDK-nın Dini məsələlər üzrə şöbəsinin Analitik təhlil və proqnozlaşdırma sektorunun böyük məsləhətçisi Azad Nəhmətov çıxışında qeyd edib ki, 31 dekabr tarixi dünya miqyasında yaşayan milyonlarla azərbaycanlını bir araya gətirən, onların ortaq mədəni və mənəvi bağlarını gücləndirən mühüm gündür. Həmrəylik günü Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nahid Həsənov dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıları birləşdirən əsas amillərin ortaq dilimiz, zəngin milli mədəniyyətimiz və minilliklərə söykənən ortaq tariximiz olduğunu bildirib. Qeyd edib ki, harada yaşamalarından asılı olmayaraq, bu dəyərlər hər bir soydaşımızı Vətənə bağlılıq, milli kimlik və birliyə xidmət ruhunda bir araya gətirir.
QMİ-nin Masallı rayon üzrə qazısı Rəşid Talıbov, Ombudsmanın Cənub Regional Mərkəzinin direktoru Ziya İsmayılov, rayon “Ziyalılar Cəmiyyəti” İctimai Birliyinin sədri Qardaş Fətullayev, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Azərbaycan Jurnalistlər Birliyi Masallı rayon təşkilatının sədri Akif Ağayev və Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova çıxışlarında bildiriblər ki, bugünki müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarına öz mədəniyyətlərini, dilini və milli dəyərlərini inkişaf etdirmək üçün möhkəm dayaq nöqtəsi rolunu oynayır. Vurğulanıb ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ümummilli Lider Heydər Əliyevin soydaşlarımıza bəxş etdiyi, ümummilli əhəmiyyət kəsb edən tarixi bir gündür.
Konfransın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






