Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Baş Prokurorluq tərəfindən "Ekoloji təhlükəsizlik və yaşıl dünya" adlı işgüzar konfrans

18 iyul 2024 | 13:46

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, iyulun 18-də Masallıda «Ekoloji təhlükəsizlik və yaşıl dünya» adlı işgüzar konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Masallı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. 

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin rəhbərliyi ilə ölkə ərazisində ekoloji mühitin sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də  paytaxtda və respublikamızın bütün bölgələrində yaşıllaşdırma işinə xüsusi önəm verildiyini qeyd edib. 

Çıxış zamanı, həmçinin, prokurorluq orqanları tərəfindən digər dövlət qurumları ilə birgə respublika ərazisində ətraf mühitin sağlamlaşdırılması və mühafizəsi, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, yerin təkindən və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində kompleks işlərin həyata keçirildiyi vurğulanıb.

Konfrans zamanı çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verdiyini, aparılan kompleks tədbirlərin Masallı rayonu ərazisində də davam etdirildiyini qeyd edib. 

Konfransda aktual  mövzular üzrə çıxışlar edildikdən sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında “Yaşıl dünya naminə” səmərəli müzakirələr aparılıb, təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan Televiziyası tərəfindən ərsəyə gətirilmiş “Azərbaycanın ekoloji siyasəti” adlı sənədli film izlənilib.

Sonda xatirə fotoşəkli çəkilib.

Keçidlər