Masallıda “Beynəlxalq Qız Övladları Günü”nə həsr olunmuş tədbir
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyi və Masallı Qadın Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri çıxış sözü ilə açan Masallı Qadın Resurs Mərkəzinin rəhbəri Nərgiz Muxtarova Beynəlxalq Qız Övladları Gününün keçirilməsində əsas məqsəd, diqqətin qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltmək olduğunu vurğulayıb.
Sonra GİKM-in Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva ssenaristi və rejissoru GİKM-in Masallı nümayəndəliyinin Layihələr və tədbirlər üzrə mütəxəssisi Məlik Nuriyev olan, qadınlara qarşı qərəz və stereotiplərin nəticələndirdiyi psixoloji zorakılığın qadınların sosial həyatına təsirindən bəhs edən "Qırmızı xətt" adlı videoçarxı təqdim edib, bu mövzuda görülən işlərdən, qızların ictimai həyatda iştirakçılığının artırılmasının vacibliyindən söz açıb.
Çıxış üçün söz Milyoner Kadınlar Akademisi, Liderler ve Satışta Beyin Gücü Akademisinin qurucusu, mentor Günel Məmmədovaya ötürülüb. Günel xanım çıxışı zamanı öz biznesinə gedən yolda qarşılaşdığı maneələrdən və bu maneələrə necə qalib gəlməsindən bəhs edib. Eyni zamanda bütün bu uğurları kənddən çıxmadan bacardığını vurğulayan Günel xanım 15 oktyabr tarixinin Ümumdünya Kənd Qadınları Günü kimi qeyd olunmasından, bu günün yaranması və əhəmiyyətindən də danışıb.
Daha sonra "TEDx" formatında kəndli qadının uğur hekayəsindən bəhs edən videoçarx nümayiş etdirilib.
Diskussiya şəklində davam edən tədbirdə çıxış edən Masallı Dövlət Regional Kollecinin tələbəsi Səbinə İbrahimova öz təhsil həyatından, təhsil almaq üçün göstərdiyi əzmdən danışıb. Heç bir çətinliyin qadınların uğur qazanmasına təsir edə bilməyəcəyini, uğurun sirrinin arzu etmək, arzuların uğrunda əzmlə çalışmaq olduğunu vurğulayıb.
Sahibkar xanımlardan olan Yeganə Eynullayeva xanımların sahibkarlıq fəaliyyətində də digər istiqamətlərdə olduğu kimi uğurlu ola bildiklərindən, ailə ilə və karyeranın paralel olaraq uğurlu şəkildə idarə oluna bildiyindən söz açıb.
Gənc müəllim Rəmziyyə Əliyeva qızlar üçün təhsil almağın vacibliyindən bəhs edib.
Eyni zamanda Masallı Qadın Resurs Mərkəzinin qadınlar üçün yaratdığı imkanlardan danışıb, gənc qızları bu imkanlardan yararlanmağa səsləyib.
Masallı Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə isə qızların öz hüquqlarını bilməsinin vacibliyindən danışıb.
Tədbir çay süfrəsi ətrafında səmimi söhbət ilə yekunlaşıb.