Masallıda cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğuna dəstək mövzusunda dəyirmi masa
10 iyul 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın 8.5.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə sahibkarlar və iri fermer təsərrüfatı sahiblərinin iştirakı ilə “Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmin olunması və özünüməşğulluğa cəlb edilməsinə dəstək” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti dövlət qurumlarının nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən sahibkarlar, iri fermer təsərrüfatlarının rəhbərləri və digər iştirakçılar cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin cəmiyyətə reinteqrasiyası, onların dayanıqlı məşğulluğunun təmin olunması və əmək bazarına inteqrasiyası istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparmışlar.
Çıxışlarda qeyd edilmişdir ki, cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin məşğulluğunun təmin edilməsi onların sosial adaptasiyasının sürətləndirilməsi, təkrar hüquqpozma hallarının qarşısının alınması və cəmiyyətə faydalı fərd kimi formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlər, məşğulluq və özünüməşğulluq proqramları, peşə hazırlığı imkanları, eləcə də işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi xüsusi vurğulanmışdır.
Dəyirmi masa zamanı sahibkarlar və iri fermer təsərrüfatı sahibləri tərəfindən cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin əmək fəaliyyətinə cəlb olunmasının əhəmiyyəti qeyd edilmiş, onların peşə bacarıqlarına uyğun işlə təmin edilməsi, mövsümi və daimi məşğulluq imkanlarının yaradılması, həmçinin özünüməşğulluq proqramlarından səmərəli istifadə ilə bağlı təkliflər səsləndirilmişdir.
Sonda iştirakçıların sualları cavablandırılmış, qarşılıqlı fikir mübadiləsi aparılmış və bu istiqamətdə dövlət qurumları, sahibkarlar və kənd təsərrüfatı subyektləri arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanmışdır.






