Masallıda “Dini radikalizm: milli-dini həmrəyliyə təhdid kimi” mövzusunda regional konfrans
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən regionlarda təşkil edilən maarifləndirmə tədbirlərinin davamı olaraq dekabrın 14-də Masallıda “Dini radikalizm: milli-dini həmrəyliyə təhdid kimi” mövzusunda regional konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Masallıdakı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir çərçivəsində “Həmişə bizimləsiniz!” filmi nümayiş olunub.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dini sahəyə göstərilən münasibətdən, Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə milli-mənəvi dəyərlərə diqqət və qayğısından, nümunəvi tolerantlıq mühitindən danışıb. Masallıdakı dini durum barədə də qeydlərini səsləndirən Araz Əhmədov rayonda aparılan dini və hüquqi maarifçilik işlərinin əhəmiyyətini qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında bildirib ki, dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığına malikdirlər. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modelinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə kompleks tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, işğaldan azad olunmuş ərazilərimizdə ilk diqqət yetirilən məsələlərdən biri məhz Qarabağ və Zəngəzura mənəvi qayıdışımızın simvolu kimi dini abidələrin təmiri oldu. Bu mədəni və dini abidələrin bərpasında Heydər Əliyev Fondunun rolu xüsusilə vurğulanmalıdır.
Sədr müavini qeyd edib ki, Azərbaycan sahib olduğu multikultural və tolerant dəyərlərinə görə nümunə göstərilən ölkələrdən biridir. G.İsmayılov cənub bölgəsində, Astarada yüz illərdir sünni və şiələrin birgə ibadət etdiyi məscidlərin olduğunu, “Heydər” məscidində qılanan vəhdət namazlarının Azərbaycan gerçəkliyini əks etdirdiyini söyləyib. Sədr müavini ölkəmizin sahib olduğu bu zənginliklərin qorunub saxlanılmasında aparılan işlərin əhəmiyyətini diqqətə çatdırıb.
Regional konfrans işini “Dini zəmində xarici təsirlər və onlara qarşı mübarizə” və “Milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin məsuliyyəti və rolu” mövzularında panellərlə davam etdirmişdir.