Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü tədbiri
23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə Masallı Rayon İcra hakimiyyətinin konfrans zalında tədbir keçirilmişdir.
Masallı Rayon İcra hakimiyyətinin başçısı Araz Əhmədov dövlət qulluqçularını peşə bayramı günü münasibəti ilə təbrik edərək qeyd etmişdir ki, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. “Dövlət qulluğu” və “dövlət qulluqçusu” anlayışları da məhz bu qanunla gündəmə daxil oldu.Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir. Ümummilli liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dövlət qulluğu sisteminin təkmilləşməsinə, dövlət qulluqçularının sosial müdafiəsinə göstərdiyi diqqət və qayğısı, bu sahədə çalışan insanların əməyinə ən yüksək səviyyədə dəyər verilməsinin daha bir təzahürü dövlət başçısının 2006-cı il 25 may tarixli sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı gününün təsis olunmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir
Tədbirin sonunda dövlət qulluğunda fərqlənən bir qrup dövlət qulluqçusuna rayon İcra Hakimiyyətinin Başçısı və Dövlət idarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu