Masallıda “Əhməd Cavad - istiqlal şairi” mövzusunda dəyirmi masa
Masallı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, vətənpərvər şair Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar “Əhməd Cavad - istiqlal şairi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə mədəniyyət işçiləri və Masallı Regional “ASAN Xidmət” Mərkəzinin Könüllüləri iştirak ediblər.
Sözləri Əhməd Cavada, musiqisi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə məxsus olan Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə çıxış edərək, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, tanınmış maarifçi və ictimai xadim, Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın həyatı, ədəbi yaradıcılığıdan söz açıb. Qeyd olunub ki, bütün həyatı boyu xalqımızın müstəqillik ideallarına sadiq qalan Əhməd Cavad poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsi qoyulmuşdur. Şairin zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqeyi ilə səciyyələnərək dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirir.
Daha sonra Masallı Regional “ASAN Xidmət” Mərkəzinin fəal könüllülərindən Rahiyə Qurbanlı çıxış edərək Əhməd Cavadın yaradıcılığının, ədəbi irsinin təbliğinə həmişə ehtiyac olduğunu və onun əsərlərinin bu gün də sevilərək oxunduğunu bildirib.
Qeyd edək ki, sözügedən tədbir Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil olunub.