Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Erkən nikahlara yox deyək!” silsilə fəaliyyətlərinə start verilib

24 noyabr 2022 | 20:43

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyi, Masallı Qadın Resurs Mərkəzi və Masallı Dövlət Regional Kollecinin (MDRK) birgə təşkilatçılığı ilə ilk maarifləndirici tədbir keçirilib. Tədbirdə tələbələr, onların valideynləri və müəllimlər iştirak edib.

Əvəlcə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova çıxışında  müasir dövrümüzün ən aktual problemlərindən biri olan erkən nikahın qızlarda yaratdığı fiziki və psixoloji fəsadlardan, təhsildən yayınma hallarından danışıb.

Erkən nikahın səbəbləri, fəsadları, erkən nikaha məcbur edilən qızların gələcək ailə həyatlarında yaranan problemlər, onların psixoloji vəziyyətlərinə göstərdiyi mənfi təsirlər barədə geniş məlumat verən Masallı Qadın Resurs Mərkəzinin rəhbəri Nərgiz Muxtarova çıxışında gənclərə bu kimi hallardan uzaq olmalarını tövsiyyə edib.

Sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva gənclərə erkən nikahın fəsadları, belə hallarla rastlaşdıqda müraciət edə biləcəkləri qurum və platformalar haqqında ətraflı məlumat verib.

Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov erkən nikaha cəlb olunmuş şəxslərin qarşılaşdığı problemlərdən, hüquq pozuntularından söhbət açıb. Təcrübəsində rastlaşdığı erkən nikah hallarının səbəblərini videoçarxlar vasitəsi ilə gənclərin diqqətinə çatdırıb.

Erkən nikahın insanlarda yaratdığı psixoloji pozuntulardan, stereotiplərin təsirindən, fəsadların aradan qaldırılması hallarından danışan psixoloq Fərrux Əliyev gənclərin suallarını cavablandırıb.

Tədbirdə tələbələrlə yanaşı onların valideynləri də iştirak edib. Valideyn İlqar Qarayev tələbələrə elmə, təhsilə, peşəyə maraq göstərmələrini, valideynlərə isə övladlarını erkən yaşda nikaha cəlb etməmələrini, onların fikirlərini dinləmələrini tövsiyyə edib.

Sonda Masallı Dövlət Regional Kollecinin tələbələri Fatimə Həmidova, Aysun Sadıqova, Səbinə İbrahimli təhsildən, ölkədə gənclər üçün yaradılan imkanlardan danışaraq tələbə yoldaşlarını bu imkanlardan yararlanmağa, erkən nikahın qurbanı olmamağa çağırıb.

Keçidlər