Masallıda “EV: Müxtəlifliyə qucaq açaq” adlı səyyar rəsm və foto sərgisi açılıb
15 aprel 2025-ci il tarixdə Masallı Dövlət Rəsm Qalereyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Müxtəlifliyə qucaq açaq” adlı səyyar rəsm və foto sərgisi təşkil olunmuşdur.
Tədbir Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar təşkil olunub. “EV: Embracing Variety” – “Müxtəlifliyə qucaq açaq” səyyar sərgisi Azərbaycanda etnik müxtəlifliyi və multikulturalizm dəyərlərinə sadiqliyi nümayiş etdirmək, müxtəlif etnik qruplar arasında dialoqu təşviq etmək və cəmiyyətdə tolerantlığı gücləndirmək məqsədilə keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, Mədəniyyət Nazirinin müavini Murad Hüseynov, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunduqdan sonra tədbir iştirakçıları Heydər Əliyev parkındakı kitab sərgisində Azərbaycanın mədəni müxtəlifliyini əks etdirən, müxtəlif xalqların dilində yazılmış və onların folklorunu, tarixini əks etdirən kitablarla tanış olublar.
Açılış mərasimi azsaylı xalqların folklor kollektivlərinin ifasında konsert proqramı ilə başlayıb, daha sonra Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda yer alan Azərbaycanın tanınmış sənətkarlarının rəngkarlıq və qrafika əsərləri, həmçinin Azərbaycan Fotoqrafları Birliyinin kolleksiyasına aid fotoların nümayiş olunduğu sərginin ekspozisiyasına baxış keçirilib.
Sərgi ərzində “Əks səda” installyasiyası da nümayiş etdiriləcək. Güzgülərdən ibarət olan bu installyasiyada neon boyalar ilə müxtəlif xalqların dillərində yazılar yazılıb. Güzgü izləyicinin özünü multikultural Azərbaycanın bir hissəsi olduğunu, şəffaf dairə mədəni müxtəlifliyin açıq və sərhədsizliyini, ultrabənövşəyi boya ilə yazılmış yazılar isə müxtəlif dillərin və mədəniyyətlərin görünməz, lakin real və möhkəm bağlar ilə bir yerdə cəmləşməsini göstərir.
Masallı şəhər Onbirillik İncəsənət Məktəbində Xalq artisti Murad Hüseynovun rəhbərliyi ilə ustad dərsləri də keçirilib.