Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Heydər Əliyev Fondunun işığında müasir uşaqlıq” adlı tədbir

06 oktyabr 2026 | 15:26

6 oktyabr 2026-cı il tarixində Masallı Şəhər 4 saylı körpələr evi-uşaq bağçasında Masallı Rayon İcra Hakimiyyəti və Masallı Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev Fondunun işığında müasir uşaqlıq” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə bağça uşaqlarının əl işlərindən ibarət rəngarəng sərgiyə baxış keçiriblər.

 Sonra tədbir aparıcının təqdimatında Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi  və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başladı.

Daha sonra məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti və yaradılan müasir şəraiti əks etdirən videoçarx nümayış olunub.

Tədbirin açılışında çıxış edən Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun Baş məsləhətçisi Nuranə Muradova uşaqların sağlam, savadlı, vətənpərvər və hərtərəfli şəxsiyyət kimi yetişdirilməsinin dövlətimizin ali məqsədlərindən biri olduğunu diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətindən, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsil və məktəbəqədər tərbiyə sahəsinə göstərdiyi müstəsna diqqətdən söhbət açıb. N.Muradova qeyd edib ki, 1980-ci ildə inşa edilən və uzun illər əsaslı təmir olunmayan Masallı Şəhər 4 saylı körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə tam yenidən qurularaq 2023-cü ildə balacaların istifadəsinə verilib. Bildirilib ki, hazırda müəssisədə 7 qrup üzrə 130 uşaq təlim-tərbiyə alır və 13-ü pedaqoji, 17-si texniki olmaqla 30 nəfərlik heyət onların qayğısına qalır.

Tədbir balacaların təqdimatında "Qaşı gözü qara qız" rəqsi ilə davam edib.

Daha sonra  çıxış edən Masallı Rayonu üzrə Təhsil Sektorunun məsləhətçisi Hörmət Balakişiyev və şəhid Araz Seyfullayevin anası Günay Seyfullayeva məktəbəqədər təhsilin gənc nəslin formalaşmasındakı rolundan, uşaqlara göstərilən dövlət qayğısından və şəhid ailələrinə olan ehtiramdan danışıblar.

Tədbirin bədii hissəsində uşaqların ifasında “Heydər babanı salamlayırıq” şeiri böyük coşqu ilə qarşılanıb.

Bağçanın tərbiyəçisi Sevda İbrahimova çıxışında müasir və hər bir incəliyi düşünülmüş təhsil ocağında çalışmağın qürurverici olduğunu vurğulayıb. Tərbiyəçi xüsusilə qeyd edib ki, onun illərdir çəkdiyi zəhmətin ən ali mükafatı Vətən uğrunda canından keçmiş igid şəhidimiz Niyaməddin Sultanovun tərbiyəçisi olmaqdır. S.İbrahimova diqqətə çatdırıb ki, bu gün də bağça şəhidlərimizin əmanətlərinə qucaq açır — şəhid Sahil Babayevin bacısı Lamiyyə Məmmədzadə burada bizimlə çiyin-çiyinə çalışır, şəhid Araz Seyfullayevin adını daşıyan balaca qardaşı, eləcə də müharibə iştirakçılarının və qazilərin övladları məhz bu müəssisədə tərbiyə alırlar. Tərbiyəçi yaradılan bu işıqlı mühitə və diqqətə görə dövlət rəhbərliyinə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Tədbir uşaqların böyük həvəslə ifa etdiyi “Heydər babanın nəvələriyik” mahnısı ilə yekunlaşıb.

Keçidlər