Masallıda “Heydər Əliyev və Statistika” mövzusunda tədbir
05 dekabr 2023-cü il tarixində Masallı şəhər Gənclər Evində Masallı Rayon Statistika İdarəsinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Statistika” mövzusunda elmi-praktiki tədbir keçirilmişdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Masallı Rayon Statistika İdarəsinin əməkdaşları, ərazi nümayəndələrinin müavinləri, mühasibləri, Statistik hesabat təqdim edən orqanların məsul əməkdaşları, Masallı Dövlət Regional Kollecinin iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdirlər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət etmişlər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilmiş və daha sonra Dövlət Himni səsləndirilmişdir.
Masallı Rayon Statistika İdarəsinin rəisi Ramin Bəgəlizadə tədbiri giriş sözü ilə açaraq Ulu öndərin Statistika sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs etmiş, məhz onun dövründə “Rəsmi statistika haqqında” qanunun qəbul edilməsi ilə statistika tarixində xüsusi dövrün başladığını vurğulamışdır.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov Ulu Öndərin həyat və fəaliyyətindən, eləcə də Azərbaycan Xalqının Ümumilli Liderinin statistika sahəsində apardığı islahatlardan bəhs etmişdir.
Sonra Masallı Rayon Statistika İdarəsi tərəfindən rayonun sosial-iqtisadi inkişafını xarakterizə edən göstəricilər haqqında iştirakçılara ətraflı məlumat verildi.
Statistika sahəsində iştirakçıları maraqlandıran suallar cavablandırılmış və geniş diskursiya aparılmışdır.
Tədbir il ərzində Statistik hesabatları vaxtında və keyfiyyətli təqdim edən respondentlərin mükafatlandırılması ilə yekunlaşmışdır.