Masallıda “İntiqamın intiqamı...” adlı tədbir
Masallı rayon Mərkəzi Kitabxanasında şəhid gizir İntiqam Abbasovun doğum gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk çıxış edən kitabxana əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olaraq xalqımızın birliyini bütün dünyaya numayiş etdirdilər. O, qeyd edib ki, şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid oğullarımızın birinin də İntiqam Abbasov olduğunu diqqətə çatdırıb.
Sonra məruzə edən Gülər Kərimova çıxışında bildirib ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Füzuli rayonuna daxil olan ilk hərbiçilərimizdən biri İntiqam idi. Füzuli istiqamətində gedən döyüşlərdə 7 kəndin və strateji əhəmiyyətli yüksəkliklərin alınmasında xüsusi rol oynamış, sentyabrın 29-da yaralı əsgərlərin döyüş meydanından çıxarılmasına yardım edərkən şəhidlik zirvəsinə ucalmışdır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid İntiqam Abbasov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir. Şəhid İntiqam Abbasovun timsalında ərazi bütövlüyü uğrunda öz canını fəda edən, şəhidlik mərtəbəsinə ucalıb əbədi rəhmət qazanan qəhrəman oğullarımızın xatirəsi qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq.