Masallıda iri fermer təsərrüfatlarının rəhbərlərinin və sahibkarların bir qismi ilə kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafı ilə bağlı qərargahın fəaliyyəti müzakirə olunub
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının Masallı rayonu üzrə icrasının təmin edilməsi məqsədilə müvafiq qərargahın yaradılması barədə Sərəncam imzalanmışdır.
Sərəncama əsasən yaradılmış qərargahın tərkibinə aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri ilə yanaşı, rayonda fəaliyyət göstərən iri fermer təsərrüfatlarının rəhbərləri və kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də daxil edilmişdir.
Bu məqsədlə Sərəncamda adları qeyd olunan iri fermer təsərrüfatlarının rəhbərləri və sahibkarlarla görüş keçirilmiş, onlar Sərəncamın məzmunu, qarşıya qoyulan vəzifələr və Dövlət Proqramının əsas istiqamətləri barədə ətraflı məlumatlandırılmışlar.
Görüş zamanı Masallı rayonunda kənd təsərrüfatının davamlı inkişafı, müasir aqrotexniki yanaşmaların tətbiqi, məhsuldarlığın artırılması, balıqçılıq və akvakultura sahələrinin genişləndirilməsi, emal sənayesinin inkişaf etdirilməsi, investisiya imkanlarının artırılması, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə və fermerlərlə dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
Qeyd olunmuşdur ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrası rayonun aqrar potensialının daha səmərəli reallaşdırılmasına, yeni istehsal və emal sahələrinin yaradılmasına, məşğulluğun artırılmasına, əhalinin ərzaq təminatının yaxşılaşdırılmasına və kənd təsərrüfatının rəqabətqabiliyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəkdir.
Görüşün sonunda qərargah üzvləri qarşıya qoyulan vəzifələrin icrası istiqamətində aidiyyəti qurumlar və sahibkarlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcəklərini bildirərək, Dövlət Proqramının rayonda uğurla həyata keçirilməsi üçün zəruri tədbirlərin davam etdiriləcəyini vurğulamışlar.






