Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda itkin düşmüş hərbçilərimizin xatirəsi anılıb

02 noyabr 2022 | 20:14

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkil etdiyi anım mərasimində Komitənin əməkdaşları, itkin düşmüş şəxslərin ailə üzvləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlk sükutla yad olunub.

BQXK-nin nümayəndəsi Elşad Yusif geniş nitqində bildirib ki, respublikamızın əksər rayonlarında olduğu kimi Masallıda da vaxtaşırı olaraq bu cür tədbirlər keçirilir. O, əlavə edib ki, itkin düşmüş şəxslərin taleyi BQXK-nın regiondakı humanitar fəaliyyətinin əsas istiqaməti olaraq qalır.

İtkin düşmüş şəxslərin ailələrinə göstərilən maddi-mənəvi, tibbi dəstəkdən danışan E.Yusif diqqətə çatdırıb ki, BQXK bu kateqoriyadan olan ailələrdən seçilən könüllü sosial işçilərdə digər ailələrə yardım etmək bacarığını inkişaf etdirir: “Eyni vəziyyətdə olan ailələr yanaşmasını əsas tutaraq, həmin ailələrə yaşadıqları qeyri-müəyyənliyin öhdəsindən gəlməyə yardım edilir və ehtiyac olduqda ailələrin çoxtərəfli ehtiyacları qarşılamaq üçün onlar, xidmət təmin edən müəssisələrə müşayiət edilir.”

Komitə nümayəndəsi işğaldan azad olunmuş ərazilərimizdə aşkarlanan Azərbaycan vətəndaşlarına məxsus meyit qalıqlarının ekshumasiyası və eyniləşdirilməsi istiqamətində BQXK tərəfindən I və II Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızın ailə üzvlərindən götürülmüş bioloji referent (DNT) nümunələrinin yekunlaşmaq üzrə olduğunu vurğulayıb...

BQXK-nin Masallı üzrə nümayəndəsi, I Qarabağ müharibəsi şəhidi Taleh Xudaverdiyevin anası Zərifə Xudaverdiyeva, şəhidin qardaşı Elnur Xudaverdiyev, Qafqaz Müsəlmanları İdarəsinin Masallı üzrə qazısı Rəşid Talıbov, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, Masallı RİH yanında İctimai Şuranın üzvü Solmaz Rəsulova, şəhid Araz Seyfullayevin anası Gülay Seyfullayeva, şəhid Cavad İbadovun anası Rəsmiyyə İbadova bu kimi tədbirlərin önəmindən bəhs edərək ölkəmizdə şəhidlərimizin xatirəsinin daima əziz tutulduğunu, onların ailələrinin daima diqqətdə saxlandığını qeyd edib, tədbirin təşkilatçılarına minnətdarlıq bildiriblər.

Çıxışlarda qeyd edilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdilər. Əminik ki, haqq savaşından alnıaçıq-üzüağ çıxan xalqımız müharibənin gətirdiyi fəsadların aradan qaldırılmasında da yüksək əzm və iradə sərgiləyəcək.

Anım tədbirində şəhid Sakit Tağıyev adına Masallı şəhər 4 nömrəli tam orta məktəbi şagirdlərinin ifasında məktəbin hərbi rəhbəri Rafiq Abbasovun hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Keçidlər