Masallıda “Kəlbəcərin yenidən doğuluşu” adlı tədbir
Masallı rayon İcra Hakimiyyəti, Masallı Dövlət Regional Kolleci və Masallı rayon Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıyaq” layihəsi çərçivəsində “Kəlbəcərin yenidən doğuluşu” adlı tədbir keçirildi.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Sonra Masallı rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Flora İbadova, Masallı Dövlət Regional Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Hüseynova və Masallı rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək bildirmişdirlər ki, Kəlbəcər – əsrarəngiz təbiəti, zəngin tarixi, mədəni irsi ilə Azərbaycanın incilərindən biridir. Lakin o, uzun illər boyu işğal altında qaldı, dağıdıldı, talan edildi. Evler viran qoyuldu, məscidlər təhqir olundu, qəbiristanlıqlar məhv edildi. Amma düşmən bir şeyi heç vaxt məhv edə bilmədi – Kəlbəcərə qayıdış arzusunu, xalqımızın qəlbində yaşayan vətən sevgisini. 2020-ci ildə müzəffər Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə göstərilən qəhrəmanlıq nəticəsində Kəlbəcər döyüşsüz şəkildə azad edildi. Bu, həm hərbi gücümüzün, həm də siyasi-diplomatik üstünlüyümüzün parlaq göstəricisi oldu. Biz bu gün həm də qəhrəmanlarımızı tanıyırıq və yad edirik. Kəlbəcərin azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların fədakarlığı sayəsində biz bu torpaqlarda yenidən həyatın cücərdiyini görürük. Qazilərimizə isə sağlıq, güc və səbir arzulayırıq. Onlar bizim qürurumuz, Azərbaycan gəncliyi üçün ən böyük nümunədir.
Daha sonra Masallı rayon Gəncıər Evi Sosial Xidmət müəssisəsinin rəhbəri Fuad Mənsimov, aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində, Xüsusi Təyinatlı Qüvvələrdə Murovdağdan Şuşaya kimi şanlı döyüş yolu keçmiş, Qarabağ və III dərəcəli Rəşadət Ordeni ilə təltif olunmuş ehtiyyatda olan döyüşçü Nazim Cəfərzadə, Vətən müharibəsi iştirakçıları Xalid Adilzadə və Səfər Səfərov çıxış edərək bildirmişdirlər ki, biz orada döyüş yoldaşlarımızı xatırlayırıq, keçdiyimiz çətin yolları, dağların nəfəsini, hər addımda torpağın necə müqəddəs olduğunu hiss etdiyimiz günləri xatırlayırıq. Biz orada şəhid olan qardaşlarımızın son baxışlarını, son sözlərini xatırlayırıq. 2020-ci ildə Kəlbəcərin azad olunması yalnız hərbi qələbə deyildi. Bu, xalqımızın birliyinin, əzminin, dövlətimizin gücünün təntənəsi idi. Biz həmin günlərdə anlayırdıq ki, arxamızda milyonlarla insanın duası, dəstəyi, inamı dayanır. Bu inam bizə güc verirdi. Bizim döyüşümüz sona çatıb, amma sizin döyüşünüz indi başlayır – elm uğrunda, inkişaf uğrunda, Vətənə xidmət uğrunda. Biz torpaqları geri qaytardıq, siz isə onları qurmalı, yaşatmalı və gələcəyə daşımalısınız. Qəhrəmanlığı yalnız döyüş meydanında deyil, gündəlik həyatınızda da göstərməlisiniz. Biz qazilər olaraq, Vətən müharibəsi iştirakçıları olaraq qürur duyuruq ki, Azərbaycan bu gün güclü, qalib və inkişaf edən dövlətdir. Qoy Kəlbəcərin yenidən doğuluşu hər birimizin qəlbində ümid, sevinc və gələcəyə inam yaratmağa davam etsin.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.






