Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı Dövlət Proqramından irəli gələn vəzifələr müzakirə edilib

10 sentyabr 2026 | 17:34

09-10 sentyabr 2026-cı il tarixlərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev və Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə yerində tanış olmaq məqsədilə rayonun 17 iri fermer təsərrüfatına baş çəkmiş, fermer təsərrüfatlarında görülən işlərlə yerində tanış olmuş və problemləri ilə maraqlanmışlar. Sahibkar və fermerlər də öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edərək yaradılan şəraiti yüksək qiymətləndirmişlər. Bunun üçün də qeyri-neft sektorunun inkişafında ən vacib sayılan kənd təsərrüfatının inkişafı üçün səylərinin bundan sonrada yüksək sürətlə davam etdirəcəklərini vurğulamışlar.

10 sentyabr 2026-cı il tarixdə Masallı rayon İcra Hakimiyyətinin inzibati binasında Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, bu istiqamətdə görülən işlər və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərlə bağlı müşavirə keçirilib.

Müşavirədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev, RİH başçısının birinci müavini Tohid Hüseynov, RİH başçısının müavini – sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov, aparatın məsul əməkdaşları, aidiyyəti dövlət qurumlarının nümayəndələri, ərazi nümayəndələri, fermerlər və sahibkarlar iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı müəyyən etdiyi prioritetlərin rayon üçün də mühüm əhəmiyyət daşıdığını bildirib. Rayon rəhbəri kənd təsərrüfatının Masallının iqtisadi və sosial həyatında mühüm yer tutduğunu qeyd edərək, mövcud potensialdan səmərəli istifadə olunmasının, məhsuldarlığın artırılmasının və fermer təsərrüfatlarının inkişafının vacibliyini vurğulayıb. Natiq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında aqrar sahədə istehsalın və məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, emal imkanlarının genişləndirilməsi və kənd təsərrüfatının rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bağlı mühüm vəzifələr müəyyənləşdirilib.

Araz Əhmədov bildirib ki, rayon ərazisində əkin sahələrindən səmərəli istifadə, mövsümi kənd təsərrüfatı işlərinin düzgün təşkili, fermer və torpaq mülkiyyətçilərinin qarşılaşdıqları problemlərin operativ həlli istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə yaradılmış xüsusi Qərargah tərəfindən fermerlərlə mütəmadi əlaqə saxlanılır, onların müraciət və təklifləri dinlənilir və aidiyyəti qurumlarla birgə müvafiq məsələlərin həlli təmin olunur.

RİH başçısının müavini – sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov çıxışında rayonun kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və görülən işlər barədə məlumat verib. O, əkin sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, istehsalın artırılması və kənd təsərrüfatı məhsullarının emalı imkanlarının genişləndirilməsinin qarşıda duran əsas məsələlərdən olduğunu bildirib.

Adəm Məhərrəmov qeyd edib ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin Masallıda həyata keçirilməsi rayonun aqrar potensialından daha dolğun istifadə olunmasına, fermer təsərrüfatlarının inkişafına və kənd təsərrüfatı məhsullarının istehsalında keyfiyyət göstəricilərinin yüksəldilməsinə imkan yaradacaq.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev çıxışında Dövlət Proqramının əhəmiyyətindən danışıb. Bildirib ki, proqram çərçivəsində kənd təsərrüfatında müasir və innovativ yanaşmaların tətbiqi, istehsal və emal imkanlarının genişləndirilməsi, aqrar sahədə dəyər zəncirinin inkişaf etdirilməsi və fermerlərin fəaliyyətinə dəstəyin gücləndirilməsi nəzərdə tutulur.

Dəyanət Abdullayev Masallı rayonunun əlverişli təbii-iqlim şəraiti və zəngin aqrar ənənələri ilə seçildiyini qeyd edərək, mövcud imkanlardan səmərəli istifadə olunmasının və Dövlət Proqramında müəyyənləşdirilən hədəflərin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Müşavirədə fermer və sahibkarların çıxışları dinlənilib. Onlar fəaliyyətləri zamanı qarşılaşdıqları problemləri, təkliflərini və qarşıdakı dövr üçün planlarını diqqətə çatdırıblar. Fermer və sahibkarlar Dövlət Proqramının Masallı rayonunda icrasına fəal şəkildə qoşulacaqlarını və müəyyənləşdirilən hədəflərin reallaşdırılmasına öz töhfələrini verəcəklərini bildiriblər.

Sonda iştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb və Dövlət Proqramından irəli gələn vəzifələrin Masallı rayonunda icrası ilə bağlı qarşıda duran məsələlər müzakirə edilib.

Keçidlər