Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi” mövzusunda tədbir

04 dekabr 2023 | 18:38

04 dekabr 2023-cü il tarixdə Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində vətəndaş cəmiyyəti institutlarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Bəxtim Qarayev Milli Fəaliyyət Planı haqqında geniş məlumat verərək  korrupsiyaya qarşı mübarizə, həmçinin etik davranış qaydaları, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər, etik dilemmalar və onların həlli yolları, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin olduqca vacib olmasını vurğulayıb.

Daha sonra Rayon İcra Hakimiyyəti Başçısı aparatının Baş məsləhətçisi Nuranə Muradova korrupsiya anlayışı və onun formaları, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya ilə əlaqədar müraciətlərə baxılmasının xüsusiyyətləri, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı qanunvericilik barədə məlumat verib.

          Mövzu ətrafında Ombudsmanın Cənub Regional Mərkəzinin direktoru Ziya İsmayılov korrupsiyaya qarşı mübarizənin normativ və institusional əsaslarının təkmilləşdirilməsi, eləcə də korrupsiyaya qarşı mübarizə ilə əlaqədar götürülmüş öhdəliklərin həyata keçirilməsi, korrupsiyanın qarşısının alınması, korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət,  korrupsiya  ilə əlaqədar hüquqpozmaların nəticələrinin aradan qaldırılması barədə geniş məlumat verib.

Daha sonra Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Qeyri-hökumət təşkilatlarının sədrləri Qardaş Fətullayev, Məmmədağa Şiriyev, Fidan Abbaslı, Əfrayıl Fərziyev, Saleh Qurbanov, Rauf Cəbiyev və başqaları çıxış edərək dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılmasının, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasının, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.

Çıxış edənlər Azərbaycanda vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizədə fəal iştirak etdiyini, qanunvericiliyin formalaşdırılmasına cəlb olunduğunu, “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın önəmini xüsusi vurğulayıblar. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər, korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları ilə vətəndaş cəmiyyətləri arasında birgə əməkdaşlığın gücləndirilməsi, həyata keçirilən layihələr müzakirə edilib.

 

Tədbir qarşılıqlı diskussiya şəklində davam edib, Vətəndaş cəmiyyəti institutlarının rəhbərləri isə korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qurumları ilə bu cür əməkdaşlığın səmərəli olduğunu və olduqca müsbət effekt verdiyini bildiriblər.

Sonda “Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi” istiqamətində belə maarifləndirici tədbirlərin məktəblərdə keçirilməsi təklifi də qeyd edilmişdir.

Keçidlər