Masallıda Məhərrəm ayı ilə əlaqədar maarifləndirici tədbir
05 avqust 2022-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Məhərrəm ayının keçirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib.
Müşavirədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov, ərazi nümayəndələri, bələdiyyələr, məscidlərin imamları, ictimaiyyət nümayəndələri, media işçiləri iştirak ediblər.
Açılışdan əvvəl Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və DQİDK sədrinin müavini Səyavuş Heydərov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsinə ehtiramını bildiriblər.
Ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonda dini durum və gündəlikdəki məsələ barədə ətraflı məlumat verərək Məhərrəm ayının keçirilməsi ilə əlaqədar dindarların üzərinə düşən vəzifələrə bir daha toxunub, bununla əlaqədar onların fəaliyyətlərini daha da gücləndirməli olduğunu deyib. Məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı qanunlara ciddi riayət olunmasının vacibliyini diqqətə çatdıran A.Əhmədov dini mərasimlərin mahiyyətinə uyğun, xurafat elementlərindən uzaq təşkil edilməsini xüsusi olaraq vurğulayıb.
DQİDK sədrinin müavini Səyavuş Heydərov geniş nitqində qeyd edib ki, din pərdəsi altında İslamı təhrif edən, xurafatı, cəhaləti yayan, insanlar arasında ixtilafa səbəb olacaq çağırışlar edən, məzhəb ayrı-seçkiliyi salan qüvvələrə qarşı dindarlarımızın üzərinə də böyük məsuliyyət düşür. S.Heydərov din xadimlərinin Vətənə, milli-mənəvi dəyərlərimizə, o cümlədən azərbaycançılıq ideologiyasına bağlı olmalarının önəmini vurğulayıb.
DQİDK sədrinin müavini bildirib ki, bizim başlıca vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi yad dini ideologiyaların təsirindən qorumaqdır. Bu baxımdan maarifləndirmə tədbirlərinin səmərəliliyinin artırılmasına xüsusi önəm verilir.
Tədbirdə mövzu ilə bağlı çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, Masallı şəhər “Cümə” məscidinin imamı Məftun Hüseynov və başqaları Məhərrəmlik mərasimlərinin qaydalara uyğun keçirildiyi barədə məlumat veriblər.