Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
04 iyul 2024 | 19:10
04 iyul 2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirilib.
Tədbirdə rayon rəsmiləri, hüquq-mühafizə orqanları, idarə və müəssisə, dini icma rəhbərləri, ağsaqqal və ziyalılar, ərazi nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət və media nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri bu gün Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində ölkəmizin inkişafına böyük töhfə verib. Rayon rəhbəri ölkəmizin hər yerində olduğu kimi Masallıda da Məhərrəm ayı ilə əlaqədar dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradıldığını vurğulayıb: ”Sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəm ayı ərzində ibadət ocaqlarında ictimai asayişə riayət olunmaqla, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılmalı, moizə və xütbələrdə Vətən təəssübü, milli və dövlət mənafelərimiz uca tutulmalıdır...” deyə qeyd etmişdir.
Tədbirdə hüquq mühafizə orqanlarının rəhbərləri çıxış edərək Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericilik çərçivəsində keçirilməsinin zəruriliyini diqqətə çatdırıblar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə Qazısı və Qazılar şurasının üzvü Rəşid Talıbov tədbirdə çıxış edərək məhərrəmlik mərasimlərində hər kəsi QMİ-nin Qazılar Şurasının müvafiq fətvasının tələblərinə ciddi riayət etməyi tövsiyə edərək, zəncir vurub baş yarmağın, bədənə əziyyət verməyin dində bəyənilmədiyini və bunun əvəzinə qanvermə aksiyalarında fəal iştirak etməyin daha humanist hərəkət olduğunu bildiriblər.
Çıxışlarda məhərrəmlik təziyəsinin islami dəyərlərə uyğun keçirilməsi ilə bağlı müsbət fikirlər səsləndirilib, mövzu ilə bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb.