Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar dəyirmi masa
08 iyul 2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətində Məhərrəm ayının başlanması ilə əlaqədar keçirilən mərasimlərlə bağlı dəyirmi masa keçirilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Dövlət-din münasibətlərinin yüksək səviyyəsinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, milli-mənəvi dəyərlərə hər zaman diqqət və qayğı ilə yanaşılmış və bu ənənə bu gündə Dövlətimizin Başçısı Cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində inkişaf etdirilir. Rayon rəhbəri ölkəmizin hər yerində olduğu kimi Masallıda da Məhərrəm ayı ilə əlaqədar dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradıldığını bildirib: “Sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəm ayı ərzində ibadət ocaqlarında ictimai asayişə riayət olunmaqla, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılmalı, moizə və xütbələrdə Vətən təəssübü, milli və dövlət mənafelərimiz uca tutulmalıdır” deyə çıxışında qeyd edib.
Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə maneə olunmamalıdır. Dini mərasim və ayinlər yalnız Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə Qazısı və Qazılar şurasının üzvü Rəşid Talıbov tədbirdə çıxış edərək məhərrəmlik mərasimlərində hər kəsi QMİ-nin Qazılar Şurasının müvafiq fətvasının tələblərinə ciddi riayət etməyi tövsiyə edərək, zəncir vurub baş yarmağın, bədənə əziyyət verməyin dində bəyənilmədiyini və bunun əvəzinə qanvermə aksiyalarında fəal iştirak etməyin daha humanist hərəkət olduğunu bildirmişlər.
Tədbirdə eyni zamanda Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.