Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda mini-futbol turnirinə yekun vurulub

18 noyabr 2022 | 22:04

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə torpaqlarımızın azadılığı uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz,Vətən bölünməz” devizi altında gənclər arasında mini-futbol turnirinin qalibləri müəyyən olub.

Mükafatlandırma mərasimindən öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütölüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sərçuvar kənd stadionundakı idman tədbirində Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, RİHB-nın Sərçuvar inzibati dairəsi üzrə nümayəndəsi Səməndər Təhməzov turnirin keçirilməsində əsas məqsədin şəhidlərimizin xatirəsinin əziz tutulmasından, yerlərdə idmanın inkişafından ibarət olduğunu bildirib, yarışın qaliblərini təbrik ediblər.

Milli Qəhrəman Səfəralı Məmmədovun qardaşı Baləddin Məmmədov, Vətən müharibəsi şəhidi Səməndər İsgəndərovun atası Vahid İsgəndərov, şəhid Elgün Mikayıllının atası Aqil Mikayılov, kənd sakini Əsədulla Miriyev turnirin keçirilməsində zəhməti olan hər kəsə minnətdarlıq bildiriblər.

Məlumat üçün bildirək ki, iki qrupda 12 komandanın mübarizə apardığı turnirin yekun nəticəsinə əsasən “Kolatan” komandası birinci, “Qızılavar” komandası ikinci, “Sərçuvar” və “Eminli” komandaları üçüncü yerə layiq görülüblər.

Qaliblərə kubok, diplom və pul mükafatları təqdim edilib. Müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçular diplom, tunirin təşkil edilməsində xidməti olanlar “Təşəkkürnamə” ilə təltif olunublar.

Keçidlər