Masallıda “Müasir üsullarla Xalçaçılıq Sənəti” layihəsinin açılışı oldu.
18 fevral 2025 | 17:38
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin həyata keçirdiyi mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi çərçivəsində maliyyələşən və Regional İnkişafın Dəstəklənməsi ictimai birliyi tərəfindən icra edilən "Xalçaçılıq sənəti: Müasir üsullarla xalçaçılığı gənclər arasında sevdirmək" layihəsinin təlimlərinə start verildi.
Tədbiri giriş sözü ilə Regional İnkişafın Dəstəklənməsi ictimai birliyinin sədri və layihə rəhbəri Rafət Şirəliyev açaraq, layihənin donoru və fəaliyyətləri haqqında məlumat veribdir. Masallı rayonunda 15 gənc xanımın iştirakı ilə həyata keçiriləcək bu layihənin əsas məqsədi, Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi, bu qədim sənətə marağın artırılması və müasir texnologiyalarla birləşdirilərək yenidən canlandırılmasıdır. Layihə çərçivəsində gənclərin xalçaçılıq sahəsində praktiki bilik və bacarıqlarının artırılması, yaradıcılıq potensialının inkişaf etdirilməsi, süni intellekt və rəqəmsal texnologiyalardan istifadə etməklə innovativ yanaşmaların təşviq edilməsi nəzərdə tutulur.
Layihə üzrə təlimləri xalçaçılıq üzrə təlimçi Tünzalə Abuzərova idarə edir. Layihənin ilk təlim günündə iştirakçılara xalçaçılıq sənətinin yaranması və tarixi, xalçaçılıqda qadınların rolu, Azərbaycanda xalçaçılıq ənənələri, xalçaların toxunması və s. mövzular üzrə təlim keçirilibdir. Həmçinin iştirakçılar xalçaçılığın inkişafı ilə bağlı qrup işləri həyata keçirib, təqdimatlar ediblər.
Qeyd üçün bildirək ki, layihə çərçivəsində 4 müxtəlif təlim sessiyası həyata keçiriləcəkdir. Təlimlərin ikisi xalçaçılıq, digər ikisi süni intellekt və rəqəmsal alətlər üzrə olacaqdır.
Layihəni uğurla bitirənlərə sertifikatlar veriləcəkdir.