Masallıda mülki müdafiə işinin təşkilinə dair müşavirə
29 noyabr 2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında Masallı Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə cari ildə rayonda mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması, maarifləndirmə işinin aparılması ilə bağlı mövcud vəziyyətin təhlili, bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrin müəyyən edilməsi mövzusunda müşavirə keçirilmişdir.
Müşavirədə Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Mülki müdafiə idarəsinin rəisi, mayor Elmin İsmayılov, Mülki müdafiə idarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəis müavini, mayor Ramil Məcidov, rayonda yerləşən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişdir.
Komissiyanın sədri, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov iclası açıq elan edərək rayonda mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması, maarifləndirilməsi işinin aparılması ilə bağlı mövcud vəziyyətin təhlili, bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrin müəyyən edilməsi barədə məlumat verdi.
Daha sonra komissiya sədri çıxış üçün sözü Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi, mayor Elmin İsmayılova verdi. Elmin İsmayılov çıxış edərək il ərzində mülki müdafiə üzrə görülən işlər barədə məlumat verdi, nöqsanların aradan qaldırılması və 2025-ci ildə mülki müdafiə işinin təşkilinə dair tapşırıqların verilməsini tövsiyyə etdi.