Masallıda "Muzeylərin Gücü" tədbiri
19 may 2022 | 19:09
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin və Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 18 may "Beynəlxalq Muzeylər Günü"nə həsr olunmuş "Muzeylərin Gücü" adlı bayram tədbiri keçirilib.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Vətən muharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva 18 may " Beynəlxalq Muzeylər Günü" barədə iştiarkçılara geniş məlumat verib.
Sonra Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və bu əlamətdar gün münasibəti ilə muzey sahəsində çalışanları təbrik edib.
Tədbirdə çıxış edən Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva ölkəmizdə muzey işinin inkişafının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmasından danışıb və bu işin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsini iştirakçıların diqqətinə çatdırıb.
Sonra söz musiqiyə verilib. Əvvəlcə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solisti Ruslan Zahidov musiqi ifası ilə bədii hissəni açıq elan edib. Tədbirdə həmçinin Halay Xalq Folklor Kollektivinin, Masallı Dövlət Rəsm Qalereyası dərnək üzvlərinin, Qızılavar kənd tam orta və Dəmirçi kənd ümumi orta məktəb şagirdlərinin ifasında rəqs, etüd, kompozisiya, səhnəciklər təqdim edilib.
Yekunda fərqlənən bir qrup iştirakçı "Fəxri Fərman" la təltif olunub və xatirə fotoları çəkilib.