Masallıda Nadir Ağayevin xatirəsinə respublika güləş turniri keçirilib
Masallı Olimpiya İdman Kompleksində SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış pəhləvan Nadir Yaqub oğlu Ağayevin (1935-1985) xatirəsinə həsr olunmuş yeniyetmələr arasında XXVI ənənəvi açıq Respublika turniri keçirilib.
Turnirin açılış mərasimində Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Yarış iştirakçılarını, qonaqları salamlayan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Nadir Ağayev güləş məktəbinin Azərbaycan idmanında tutduğu mövqedən danışıb, mötəbər yarışlarda əldə edilən nailiyyətlərin ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürü kimi səciyyələndirib.
İdman tariximizdə şərəfli iz buraxmış, yarıməsrlik ömrünün yarıdan çoxunu bu sahəyə sərf etmiş Nadir Ağayevi ustad pedaqoq, gözəl ziyalı, kamil mütəxəssis kimi dəyərləndirən rayon rəhbəri Araz Əhmədov idmançılara uğurlar arzulayıb.
Ölkədə idmanın inkişafından söz salan Respublika Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev, Azərbaycan Güləş Federasiyasının əməkdaşı, “Şöhrət” ordenli Elçin Cəfərov iri miqyaslı yarışlara sınaq xarakteri daşıyan bu turnirin yığma komandamıza yeni namizədlərin cəlb edilməsində əhəmiyyətindən danışıblar.
Nadir Ağayevin yetirməsi, turnirin sponsoru, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti Məşkur Qasımov cənub bölgəsinin güləş rəmzinə, pəhləvanlıq etalonuna dönmüş unudulmaz məşqçini, xeyirxah insanı xoş xatirələrlə yada salıb.
Çıxışlarda qeyd edilib ki, Azərbaycan güləşinin təşəkkülü və inkişafı ilə qırılmaz sürətdə bağlı olan Nadir Ağayevin adı bu gün də idmanın kütləviliyinə stimuldur.
Turnirin fəxri qonaqlarına – dünya və Avropa çempionatlarının mükafatçıları Əli Əliyev, Eldəniz Əzizli, Taleh Məmmədov, Rafiq Hüseynov, Elvin Mürsəliyev, Taleh İsrafilov, Arif Niftullayev, Zəfər Əliyev, Xəyal Mehdiyev, I və II Qarabağ müharibəsi iştirakçısı Camaləddin Məmmədov və başqalarına Masallı Rayon Gənclər və İdman İdarəsinin xatirə nişanları təqdim olunub.
Masallı Rayon Gənclər və İdman İdarəsinin sifariş və dəstəyi, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, jurnalist-publisist Akif Ağayevin ssenarisi əsasında ekranlaşdırılan “Pəhləvanın salnaməsi” sənədli filmi nümayiş olunub.
Sonra meydan yeniyetmə bahadırların ixtiyarına verilib.
Məlumat üçün bildirək ki, iki gün (15-16 oktyabr) davam edən turnirdə 2006-2007-ci il təvəllüdlü yunan-Roma güləşçiləri 11 çəki dərəcəsində mübarizə aparıb.
Yarışın keçirilməsində məqsəd Nadir Ağayevin keçdiyi şərəfli idman yolunun təbliği, yeniyetmələr arasında yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyi, onların vətənpərvərlik ruhunda tərbiyəsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də yeniyetmələrdən ibarət ölkə yığma komandasına namizədlərin seçilməsidir.
Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq AGF-nin hakimlər heyəti tərəfindən idarə edilən yarışlarda respublikanın rayon və şəhərlərindən 29 komandanın tərkibində 182 yeniyetmə yunan-romaçı qüvvəsini sınayırb
Yarışların yekun nəticəsinə əsasən komanda hesabında Sumqayıt, Masallı, Göyçay idmançıları fərqləniblər.
Masallı atletlərindən Əmrah Əmrahov (45 kq) birinci, Rəvan Həşimzadə (55 kq), Nizami Şükürov (92 kq) ikinci, Ravin Kərimov (71 kq) isə üçüncü mükafata sahib olub.
İlk üç yeri tutmuş idmançılar təşkilat komitəsi və sponsor tərəfindən müvafiq diplom, medal və pul ilə mükafatlandırılıb.