Masallıda növbəti əmək yarmarkası keçirilmişdir
30 aprel 2024 | 19:11
30 aprel 2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Lənkəran -Astara Regional Məşğulluq filialı tərəfindən Masallı şəhərində növbəti əmək yarmarkası keçirilmişdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, Lənkəran-Astara Regional Məşğulluq Filialının müdiri Rasim Harəzmşah, filialın əməkdaşları, digər rəsmi şəxslər və jurnalistlər iştirak etmişlər.
Masallı Olimpiya İdman kompleksində təşkil olunan əmək yarmarkasında əvvəlcə tədbir iştirakçıları Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Daha sonra növbəti əmək yarmarkasında çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkə vətəndaşlarına göstərdiyi diqqət və qayğı, işsizliyin aradan qaldırılması, insanların rifah halının yaxşılaşıdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu gün “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq növbəti əmək yarmarkası təşkil edimişdir.
Daha sonra yarmarkada çıxış edən Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, Lənkəran-Astara Regional Məşğulluq Filialının müdiri Rasim Harəzmşah, “Masallı İstisu Sanatoriyası” MMC-nin rəhbəri İldırım Allahyarov və başqaları insan kapitalının inkişafı hesabına davamlı iqtisadi tərəqqinin təmin edilməsi müasir dövrdə Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil etdiyini ötən illər ərzində bu sahədə kompleks tədbirlər həyata keçirilməsini və yüksək nailiyyətlərin əldə olunmasından bəhs etmişlər.
Tədbirdə Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən 44 idarə, müəssisə, təşkilat və fərdi sahibkar iştirak edib. Yarmarkaya qatılan işsiz və işaxtaran şəxslər işəgötürənlər tərəfindən təqdim edilən 400-ə yaxın vakansiya ilə tanış olmaq imkanı əldə ediblər. Vakansiyalara müraciət edən şəxslərin anket məlumatları (CV forması) qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Qeyd edək ki, yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib.
Məlumat üçün qeyd etmək lazımdır ki, bu tədbir cari ildə regionda keçirilmiş dördüncü yarmarkadır. İlin sonuna qədər Lənkəran-Astara iqtisadi rayonunda daha üç yarmakanın keçirilməsi planlasdırılmışdır.
Tədbirin yekununda işaxtaran və işsiz şəxslərin vakansiyalarla tanış olunmasına başlanılmışdır.