Masallıda “Peşə təmayüllü siniflərin təşkili” layihəsi
“Uşaq hüquqları aylığı” ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzi və “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin müəllimləri tərəfindən Masallı şəhər 4 saylı Digah Sakit Tağıyev adına tam orta məktəbdə uşaq hüquqlarının müdafiəsinə dair maarifləndirici təlimlər təşkil olunub.
Təlim zamanı şagirdlərə uşaq hüquqlarına dair mövcud normativ hüquqi aktlar və hüquqi müdafiə vasitələri haqqında məlumat verilib, ayrı-seçkiliyin formaları və onunla mübarizə üsulları, uşaqların istismar, sui-istifadə, laqeyd rəftar və zorakılıqdan müdafiəsi, erkən nikah, uşaq əməyi, zərərli təsirlərdən mühafizə məsələlərinə toxunulub.
Bununla yanaşı şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində respublikamızda bir sıra tədbirlər həyata keçirilir.
Təlim uşaqların fəal iştirakı ilə müzakirə şəklində keçirilib, onların fikirləri öyrənilib, uşaqları maraqlandıran suallar cavablandırılıb.