Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda qadın mədəniyyət işçiləri ilə görüş

06 mart 2023 | 17:24

Martın 6-da Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin təşəbbüsü ilə rayonda mədəniyyət sahəsində fəaliyyət göstərən bir qrup qadın mədəniyyət işçiləri ilə görüş keçirilib.

Rəsmi hissədən əvvəl, ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov Prezident İlham Əliyev tərəfindən qadınların çalışdıqları hər sahədə uğur qazanmaları, şəxsi həyatla ictimai fəaliyyətlərini tam uyğunlaşdırmaları üçün ölkəmizdə hər bir şəraitin yaradıldığını bildirib. Dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərildiyini, onların əməyinin mütəmadi olaraq yüksək qiymətləndirildiyini vurğulayan idarə rəisi yekunda mədəniyyət sahəsində çalışan bütün qadınları bu əlamətdar gün münasibətilə təbrik edərək, onlara həyat və fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Sonra MİHİ Masallı rayon komitəsinin sədri Vəkil İsmailov rayonda mədəniyyət sahəsində çalışan qadınların əmək hüquqlarının qorunması, onların sosial cəhətdən dəstəklənməsi sahəsində görülmüş digər işlərdən söz açıb. Ümummilli lider Heydər Əliyevin siyasətində qadına diqqət və qayğının mühüm bir istiqamət təşkil etdiyini qeyd edən V. İsmailov bildirib ki, həmin siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra Masallı Regional Mədəniyyət İdarəsinin rəis müavini vəzifəsini icra edən Dadaş Muxtarlı da çıxış edərək Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında bütün Azərbaycan qadınlarını təbrik edib.

Yekunda 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə mədəniyyət sahəsində fərqlənən 70 qadına Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsi tərəfindən hədiyyələr təqdim olunub.

Keçidlər