Masallıda Qadınların VI qurultayı ilə bağlı tədbir
Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Qadınlar Qurultayının 25 illiyinə həsr olunmuş “Azərbaycan Qadınlarının VI Qurultayı” mövzusunda tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir öncəsi Ümummilli Liderimizin, görkəmli oftolmoloq Zərifə xanım Əliyevanın və torpaqların bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova geniş nitqində bildirib ki, Ulu Öndər Heydər Əliyev həm sovet vaxtında, həm də müstəqil Azərbaycan dövləti qurulandan sonra da gender məsələlərinə böyük diqqət ayırıb: “Müxtəlif illərdə ölkəmizdə təşkil olunan Qadın Qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Ümummilli Liderimizin təşəbbüsü ilə 1998-ci ildə keçirilən Azərbaycan Qadınlarının I Qurultayını ölkəmizin müasir qadın hərəkatı tarixində ən böyük hadisələrdən biri kimi xarakterizə etmək olar. Bu qurultayla ölkəmizdə qadın hərəkatının, onların cəmiyyət və dövlətin müxtəlif sferalarında fəal iştirakının əsası qoyulub. Bu gün artıq qadınlarımız ölkəmizin hər yerində olduğu kimi Masallının da ictimai-siyasi, iqtisadi, mədəni və sosial həyatının əsas təkanverici qüvvəsinə çevrilib...”
Masallı RİHB-nın aparıcı məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Aybəniz Novruzova, Masallı Qadın Resurs Mərkəzinin koordinatoru, Masallıda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Nərgiz Muxtarova, “Viləş” körpələr evi-uşaq bağçasının direktoru Şəfa Allahverdiyeva, RİHB-nın Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətanət Paşayeva, Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin direktoru Mənijə Yəhyayeva, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova, Masallı şəhər 2 saylı tam orta məktəbin direktoru Mehriban Əzizova, şəhər 3 saylı tam orta məktəbin uşaq birliyi rəhbəri Nigar Vahabzadə və başqaları çıxışlarında qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasəti bu gün Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə dövlətçiliyimizin prioritet istiqamətlərindən biri kimi böyük diqqətdə saxlanılır: “Gender siyasətinin tələblərinə uyğun olaraq ölkəmizdə qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunur, əmək bazarında bərabər imkanlar yaradılır. Mehriban xanım Əliyevanın rəhbərliyilə fəaliyyət göstərən Heydər Əliyev Fondu Ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı planların, xüsusən qadınlarla bağlı layihələrin reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir...”
Tədbirdə həmçinin qadınların rastlaşdıqları dövrün aktual problemləri ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib, mövzu ətrafında suallar cavablandırılıb.
Təbir iştirakçıları bu gün respublikada qadın siyasəti ilə bağlı həyata keçirilən işlərə görə Masallı qadınları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya minnətdarlıq billdiriblər.