Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda qanunsuz narkotik dövriyyəsinə qarşı maarifləndirici tədbir

03 fevral 2026 | 16:39

03 fevral 2026-cı il tarixində Masallı şəhəri texniki-riyaziyyat təmayüllü "Dəfinə" liseyində Masallı rayon İcra Hakimiyyəti, Masallı rayon Polis şöbəsi, Masallı rayon Təhsil sektoru və Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı, şagirdlər və valideynlərin iştirakı ilə narkomaniya və qanunsuz narkotik dövriyyəsinə qarşı maarifləndirici tədbir təşkil olunmuşdur.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov, Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə, aparatın Ərazi-təşkilat məsələləri sektorunun böyük məsləhətçisi Sənan Sadıqov, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məsul əməkdaşı Vasif Quliyev, Masallı Təhsil Sektorunun müdiri Elman Rzayev, məktəbin direktor müavini Əhməd Məmmədov və digər məsul şəxslər iştirak etmişdir.
Tədbiri Masallı RİH-nin birinci müavini Tohid Hüseynov açaraq iştirakçıları salamlamış, Ulu öndər Heydər Əliyev və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra bu cür tədbirlərin rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi və Təhsil sektoru tərəfindən mütəmadi olaraq keçirildiyi I müavin tərəfindən qeyd olunmuşdur.
Sonra Narkomaniya və Qanunsuz Dövriyyəyə qarşı Mübarizə Dövlət Komissiyasının məsul əməkdaşı Vasif Quliyev çıxış edərək narkomaniya və qanunsuz narkotik dövriyyəsinə qarşı aparılan tədbirlər barədə məlumat verərək bildirmişdir ki, son illərdə narkotik istifadəsinin yaş həddi azalaraq yeniyetmələri də əhatə edir, 2024-cü ildə 15-17 yaş arası 9 nəfər rəsmi qeydiyyata alınmış, Respublika üzrə narkotik asılılığından əziyyət çəkən şəxslərin rəsmi sayı 40 mindən artıqdır, real rəqəmlər daha yüksəkdir, hüquq-mühafizə orqanları tərəfindən hər il təqribən 5 tondan artıq müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılır, sosial şəbəkələr, ətraf mühit və dost çevrəsi gənclər üçün əsas risk faktorlarıdır və qızlar arasında narkotik istifadəçilərin sayı da artmaqdadır.
Vasif Quliyev həmçinin vurğulayıb ki, narkomaniya yalnız hüquq-mühafizə tədbirləri ilə həll edilə bilməz və bu sahədə ailə, məktəb və ictimaiyyətin birgə fəaliyyəti həyati önəm daşıyır. Qeyd olunub ki, gənclərin təhlükəli vərdişlərdən qorunmasında valideynlərin rolu böyükdür. Uşaqların kimlərlə ünsiyyətdə olduğu, hansı mühitdə vaxt keçirdiyi valideyn nəzarətində olmalıdır. Erkən yaşlardan başlayan maarifləndirmə və profilaktik tədbirlər gənclərin narkotik təhlükəsindən qorunmasında əsas vasitədir.
Masallı Təhsil Sektorunun müdiri Elman Rzayev çıxış edərək bildirib ki, gənclərin təhlükəsizliyi və sağlam inkişafı üçün məktəblərdə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir. O, həmçinin vurğulayıb ki, uşaqların davranışlarını formalaşdırmaqda müəllim və valideyn məsuliyyəti böyükdür. Erkən yaşlardan başlayan maarifləndirmə və profilaktik tədbirlər gənclərin narkotik təhlükəsindən qorunmasında əsas vasitədir. Sosial şəbəkələrin və texnologiyanın nəzarətsiz istifadəsi riskləri artırır; valideynlər övladlarının kimlərlə ünsiyyət qurduğunu və hansı mühitdə vaxt keçirdiyini yaxından izləməlidir. Valideynlər tərəfindən qoyulan sərhədlər və düzgün nəzarət uşaqların riskli davranışlardan qorunmasına yardımçı olur. Həddindən artıq azadlıq və sərbəstlik, əksinə, təhlükəni artırır. Məktəblərdə həyata keçirilən maarifləndirmə tədbirləri və valideynlərlə aparılan diskussiyalar gənclərin sağlam inkişafı üçün vacibdir. Təhsil sektorunun müdiri çıxışında qeyd edib ki, məktəb, ailə və cəmiyyətin birgə fəaliyyəti olmadan narkomaniyanın yayılmasının qarşısını almaq mümkün deyil.
Məktəbin direktor müavini, Əhməd Məmmədov çıxışında bildirmişdir ki, yalnız məktəbdə keçirilən tədbirlər kifayət deyil. Müəllimlərin və valideynlərin birgə əməkdaşlığı ilə uşaqlara düzgün tərbiyə və sərhəd müəyyən etmək vacibdir. Sosial şəbəkələr və texnologiyanın nəzarətsiz istifadəsi də risk faktorlarından biridir.
Tədbir diskusiya şəklində davam etmiş, iştirakçılar fikirlərini bölüşmüş və gələcək əməkdaşlığın genişləndirilməsi qərara alınmışdır.

Keçidlər