Masallıda rayon rəhbəri şəhid ailələri ilə görüşdü
13 dekabr 2023-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov şəhid ailələri ilə görüş keçirmişdir.
Görüşdə RİH başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və jurnalistlər iştirak etdilər.
Görüşün əvvəlində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhid övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınları ilə görüşən Araz Əhmədov görüşü giriş sözü ilə açaraq, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb, qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. I Qarabağ və Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcəkdir.
Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev çıxışında qeyd edib ki, Birinci Qarabağ müharibəsində Masallı rayonu üzrə 186 şəhid, 188 müharibə əlili və 620 müharibə iştirakçısı, Vətən müharibəsində 62 şəhid, 70 müharibə əlili və 1364 müharibə iştirakçısı, 19 sentyabr 2023-cü il tarixdə 23 saat davam edən antiterror əməliyyatları zamanı Masallı rayonundan 8 şəhid və 12 yaralı olmuşdur ki, onların da vəziyyəti qənaətbəxşdir. Antiterror əməliyatları zamanı yaralanmış 12 hərbi qulluqçu həm müalicə aldıqları tibb müəssisəsində, həm də yaşadıqları ünvanda ziyarət edilərək onlara maddi yardım göstərilmişdir. Rayon rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin Admnistrasiyasına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid ailələrinin mənzil və ya fərdi yaşayış evi ilə təmin olunması barədə bir neçə dəfə rəsmi və şifahi müraciətlər edilmişdir. 42 şəhid ailəsi və müharibə əlillərinin mənzil növbəsi rayon qeydiyyatından çıxarılaraq sənədləri aidiyyəti üzrə qeydiyyata alındıqları RİH-ə göndərilmiş və onların bəziləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edilmişdir.
Sonra söz şəhid ailələrinin nümayəndələrinə verilib. Onlar daim qayğı ilə yanaşan ölkəmizin başcısına minnətdarlıq etmiş, bir sıra problemin həlli ilə bağlı arzu və təkliflərini bildiriblər.
Görüşdə iştirak edən şəhidlərin valideynləri övladlarının keçdikləri döyüş yolundan söz açaraq onlarla bağlı xatirələrini bölüşdülər.
İcra başçısı görüşdə iştirak edənləri dinləmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, icrasını diqqətdə saxlayacağını bildirmişdir.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.