Masallıda rayon rəhbərinin Həsənli ərazisində 22.12.2022-ci il tarixli səyyar-görüş qəbulu
22 dekabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Həsənli ərazisinin Köçəkli kəndində vətəndaşların növbəti səyyar görüş-qəbulunu keçirmişdir.
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak etmişdir.
İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış və səyyar görüş-qəbulunu açıq elan etdikdən sonra Masallı RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Vəli Muxtarov 23 avqust 2022-ci il tarixdə Həsənli kəndi ərazi sakinləri ilə görüş zamanı onların etdikləri müraciətlərin həlli ilə bağlı məlumat vermişdir.
Səyyar-görüş qəbulda çıxış edən vətəndaşlardan Xəlilov Xəlil Malik oğlu, Hüseynov Zəbi Mirzəbala oğlu, Səmədov Cavad İnqilab oğlu və başqaları kənd ərazisində elektrik təsərrüfatının SİP kabelləşmənin davam etdirilməsi, kəndin içməli su təminatı, 4 kilometr uzunluğunda olan Köçəkli kənd yolunun asfaltlanması, ağır şəkər xəstəsi olan anasına Masallı Rayon Mərkəzi Xəstəxanasından dərmanların və preparatların vaxtlı-vaxtında verilməməsi, digər sosial məsələlər barədə müraciətlər etmiş, minnətdarlıq bildirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.