Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Startap və İnnovasiya Ayı” çərçivəsində uğur qazanmış layihələrin mükafatlandırma mərasimi keçirildi.

12 mart 2026 | 18:15
Masallı şəhər Heydər Əliyev Mərkəzində 12 mart tarixində  Masallı rayonu üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərində Masallıda  “Startap və İnnovasiya Ayı” çərçivəsində keçirilən layihələrin qalibi olan şagirdlərin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev, idarə və müəssisə rəhbərləri, məktəb direktorları,  müəllimlər, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

Tədbir öncəsi mövzu ilə bağlı hazırlanmış “Startap və innovasiya” sərgisinə baxış keçirilmişdir. Sərgidə gənclərin və təşəbbüskarların təqdim etdiyi müxtəlif innovativ layihələr nümayiş olunmuşdur.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Bu ay ərzində rayonumuzun müxtəlif məktəblərində təşkil olunan layihələr, təqdimatlar, ideya müsabiqələri və startap təşəbbüsləri bir daha göstərdi ki, gənclərimiz böyük potensiala, geniş dünyagörüşünə və yeniliklərə açıq düşüncəyə malikdirlər. Onların təqdim etdiyi ideyalar yalnız məktəb mühitində deyil, gələcəkdə ölkəmizin sosial- iqtisadi inkişafına da töhfə verə biləcək təşəbbüslər kimi diqqət çəkir.

Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev məlumat verərək bildirib ki, cari ilin fevral ayı Masallı rayonu üzrə təhsil sektorunun əhatə dairəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 93 ümumtəhsil məktəbindən 70-dən çoxunun bu təşəbbüsə qoşulması, 500-dən artıq şagirdin layihələrin hazırlanmasında iştirak etməsi bu layihənin nə qədər böyük maraq doğurduğunu göstərir. Bu müddət ərzində 120-dən çox layihə təqdim olunmuşdur ki, bu da şagirdlərimizin yaradıcılıq potensialının və təşəbbüskarlıq ruhunun göstəricisidir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehtiyev çıxış edərk  “Startap və İnnovasiya” aylığı  haqqında dəyərli fikirlərini bölüşmüş, qalibləri ürəkdən təbrik etmiş, hər bir iştirakcıya gələcək təhsil və fəaliyyətlərində  uğurlar arzulamışdır.

Tədbirin davamında “Startap və İnnovasiya Ayı” çərçivəsində görülən işlər barədə videoçarx nümayiş etdirilib, müxtəlif nominasiyalar üzrə yüksək nəticə göstərmiş şagirdlər diplom və digər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

Keçidlər