Masallıda “Tarix heç nəyi unutmur” mövzusunda tədbir
Sentyabrın 4-də “Viləş STV” istirahət mərkəzində “Heydər Əliyev ili” çərçivəsində “Tarix heç nəyi unutmur” mövzusunda tədbir keçirilib.
Masallı Dövlət Rəsm Qalereyasının, Tarix-Diyarşünaslıq Muzeyinin və “Viləş STV” istirahət mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Qafqaz Müsəlmanları İdarəsinin Masallı bölgəsi üzrə Qazisi Ağarəşid Talıbov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin Masallı rayon filialının sədri Nahid Rəhimov, “Yeni həyat” qəzetinin məsul katibi Akif Ağayev, ağsaqqallar, kənd ictimaiyyəti, şəhid valideynləri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda Milli Ordumuzun inkişaf tarixinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasından, həmçinin Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinin inkişafı, ordu quruculuğu sahəsində aparılan işlərin ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verərək, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmasından söhbət açılıb.
Qeyd olunub ki, ” Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır”- deyən Ulu Öndərin gərgin fəaliyyəti sayəsində dövlətimizi yox olmaq təhlükəsindən qurtarıb, ictimai-siyasi sabitliyi bərqərar etməsi, onun layiqli davamçısı Prezident İlham Əliyevin isə dövlət başçısı seçildiyi gündən həyata keçirdiyi yeni inkişaf konsepsiyası Azərbaycanı tarixin ən qüdrətli dövlətinə çevirib.
Sonra şəhid valideynləri övladlarının qəhrəmanlıqları ilə hər zaman qürur duyduqlarını , dövlətin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək ,şəhidlərin xatirəsinin yad edilməsi ilə bağlı keçirilən tədbirlərdə əməyi olan hər bir kəsə öz dərin təşəkkürlərini bildiriblər.
Yekunda şəhidlərin ruhuna dualar oxunub, ehsan verilib.