Masallıda “Tarix yazan igidlər” mövzusunda tədbir
Masallı Tarix-Diyarşünaslıq Muzeyində 44 günlük Vətən müharibəsinin 2-ci ildönümü ilə bağlı “Tarix yazan igidlər” mövzusunda tədbir keçirildi.
Sentyabrın 22-də Masallı Tarix -Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsinin 2-ci ildönümünə həsr olunmuş “Tarix yazan igidlər” mövzusunda tədbir keçirildi. Tədbirdə adıçəkilən müəssisələrin əməkdaşları, Vətən müharibəsi iştirakçısı və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Muradov Nurlan, qazilər və mədəniyyət işçiləri iştirak etdilər.
İlk öncə, Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Muzeyin direktoru Əntiqə Tağıyeva tədbiri giriş sözü ilə açaraq 44 günlük Vətən müharibəsinin əsgər və zabitlərinin fədakarlığından, Azərbaycan xalqının mübarizə əzmindən , Prezident- Xalq birliyi nəticəsində qazandığımız qələbədən danışdı. Ə. Tağıyeva bizə qələbəni qazandıran şəhidlərimizin valideynlərinə və mərd qazilərə təşəkkürünü ifadə etdi.
Sonra Nurlan Muradov , Təhmasib Məcidov torpaq uğrunda canını fəda edən hər bir vətən övladının hər zaman yanında olmağı özlərinə bir borc hesab etdiklərini söylədilər. Natiqlər çətin bir dönəmdən keçərək , az bir müddətdə bizə qələbə qazandıranları daima diqqət və qayğıda saxlanılmasının vacibliyini xüsusi vurğuladılar.
Daha sonra qazi Talıb Qəzənfərli, Nuri Şahin Qurbanov, Bəylər Məmmədov, Elməddin Əzizov, Elçin Məmmədov, İlkin Məmmədov vətənin keşiyində durduqları zaman şahidi olduqları döyüş səhnələrindən və müharibə dəhşətlərindən geniş danışdılar.
Tədbirin sonunda qonaqlar muzeydə vətənpərvərlik bölməsinə ekskursiya edərək, xatirə şəkilləri çəkdilər.