Masallıda tədbir: Ziyalılıq zirvəsinin fatehi - Teymur bəy Bayraməlibəyov
Masallı rayon Mərkəzi Kitabxanasında Tarix Diyarşünaslıq Muzeyi və kitabxananın birgə təşkilatçılığı ilə tarixçi-etnoqraf, pedaqoq, maarifçi Teymur Bayraməlibəyovun anadan olmasının 160 illiyi ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə şəhidlərin və dünyasını dəyişmiş mədəniyyət xadimlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk çıxış edən Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, T. Bayraməlibəyov Azərbaycan pedaqoji fikir tarixində silinməz iz qoymuş parlaq simalardan biri olmuşdur. O, bütün həyatı və fəaliyyətini Azərbaycan mədəniyyətinin, elminin və təhsilinin inkişafına həsr etmiş, həmvətənlərimizin maariflənməsində mühüm xidmətlər göstərmişdir.
Sonra Mərkəzi kitabxananın əməkdaşı Rasif Dadaşov çıxışında qeyd edib ki, Cəfər Cəfərovun araşdırmaları, ideya və ssenari müəllifliyi əsasında, qurluş və təsvir rejissoru Elsevər Əliyev, Montaj rejissoru Faiq Mirzəyev olan T. Bayraməlibəyovun həyat və yaradıcılığı haqqında "Masal Prodakşın"ın istehsalı olan “Nurlu yol” adlı sənədli film tezliklə ictimaiyyətə təqdim olunacaq.
Tədbirin sonunda məruzə ilə çıxış edən muzey əməkdaşı Sevinc Əliyeva onun əsərləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.