Masallıda Ulu Öndər Heydər Əliyev-99
06 may 2022-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü və dahi rəhbərin irsinin gənclərə aşılanması mövzusunda tədbir keçirilib.
Masallı şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən, dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən danışıb.
Məruzə ilə çıxış edən «Masallı ziyalıları» İctimai Birliyinin sədrı, «Tərəqqi» medallı Q.Fətullayev Ümummilli Lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti barədə, gənclər qarşısındakı vəzifələrdən, Azərbaycan LKGİ Masallı Rayon Komitəsinin birinci katibi işlərkən, təmsil etdiyi qurumun respublikada ən qabaqcıl olmasını, buna görə dahi rəhbərlə Bakıda və rayonda olan unudulmaz görüşləri haqqında danışıb. Qardaş müəllim geniş nitqində qeyd edib ki, Ulu Öndər gəncləri “Azərbaycanın milli sərvəti” adlandırırdı. Dahi rəhbər azərbaycançılıq ideyasının yaradıcısı olub, Vətənin müstəqilliyi, inkişafı, xalqın milli mənəvi tərəqqisi üçün möhtəşəm işlər görüb. Xalqımız çox yaxşı bilir ki, Azərbaycanın bugünkü uğurlarının hamısının təməlində Ulu Öndər Heydər Əliyevin böyük siyasətə Qayıdışı və həmin Qayıdışın ölkə əhalisində yaratdığı ruh yüksəkliyi dayanır. Ulu Öndərimizin siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi qüdrətli Azərbaycan Respublikasını daha böyük uğurlara aparır. Bu siyasət sabahkı uğurlarımızın da etibarlı qarantıdır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşəldir. Bu məşəlin hərarəti isə dünya durduqca bütün azərbaycanlıların ürəyini isidəcək, müstəqil Azərbaycanın inkişafına xidmət edəcək. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, – deyən Ümummilli Lider Heydər Əliyevin adı və əməlləri daim yaşayacaq.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, məruzə ətrafında çıxışlarda Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin direktoru Fuad Mənsimov, Dəmirçi kənd ümumi orta məktəbin direktor müavini İradə İmanbəyli, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və başqaları Ulu Öndərin siyasətini ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin ictimai-siyasi həyatında gənclərə çox böyük diqqət yetirildiyini bildiriblər.
Masallı Dövlət Regional Kollecinin tələbəsi, həvəskar aktyor Səbinə İbrahimli Heydər Əliyevə həsr olunmuş şeiri söylədi.
Tədbiri Masallı RİH müavini A.Qafarova yekunlaşdırıb.