Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş konfrans keçirilib

27 aprel 2026 | 18:06

Masallı rayonunda müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim, xalqımızın dahi oğlu Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan siyasi, iqtisadi və hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

            İlk öncə tədbir iştirakçıları Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin abidəsi və ölkəmizin azadlığı və suverenliyi uğrunda sücaət göstərmiş vətənin mərd oğullarının Masallı şəhər Qəhrəmanlar parkında yerləşən “Şəhidlər abidə kompleksi”nin  qarşısına tər gül dəstələri düzərək onların əziz xatirəsini ehtiramla yad etdilər.

          Konfransın rəsmi hissəsindən öncə qonaqlar Heydər Əliyev Mərkəzinin dəhlizində Ulu Öndərin zəngin ömür yolunu və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən foto-sərgi ilə tanış olublar. Sərgidə dahi şəxsiyyətin Azərbaycanın müstəqilliyi, iqtisadi dirçəlişi və ordu quruculuğu istiqamətində atdığı tarixi addımları əks etdirən nadir fotolar nümayiş etdirilib.

 Masallı şəhər Heydər Əliyev Mərkəzində baş tutan konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi  və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başladı.

Konfransı giriş nitqi ilə açan Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov müasir Azərbaycan dövlətinin qurucusu və xalqımızın xilaskarı olan Heydər Əliyevin milli dövlətçilik tariximizdəki əvəzsiz rolunu xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, Ulu Öndərin Azərbaycanın ən çətin dövrlərində hakimiyyətə gəlməsi ölkəmizi siyasi burulğanlardan və parçalanma təhlükəsindən xilas edərək, bu gün qürur duyduğumuz qüdrətli dövlətin təməlini qoymuşdur. Cənab başçı bildirmişdir ki, dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində Azərbaycan həm daxili sabitlik, həm də beynəlxalq nüfuz baxımından sürətli inkişaf yoluna qədəm qoymuş, milli kimliyimizin dirçəlişinə nail olunmuşdur.

Daha sonra çıxış edən natiqlər  YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev,  millət vəkili Məşhur Məmmədov, Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov, YAP Mərkəzi aparatının məsul əməkdaşı Əli Axundov, Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımov Ümummilli Liderin həyat yolunun hər bir azərbaycanlı üçün böyük bir dövlətçilik məktəbi olduğunu diqqətə çatdırıblar. Vurğulanmışdır ki, Heydər Əliyev strategiyasının uğurlu davamı sayəsində ölkəmiz ən mürəkkəb geosiyasi sınaqlardan alnıaçıq keçmiş, hərbi və siyasi qüdrətini artıraraq bölgənin lider dövlətinə çevrilmişdir. Çıxışlarda Ulu Öndərin zəngin irsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı mühüm əhəmiyyəti də geniş yer almışdır.

Xüsusi qeyd olunub ki, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və memarlıq ili” elan edilməsi fonunda bu sahədəki inkişaf da Ulu Öndərin əsasını qoyduğu quruculuq xəttinin davamıdır. Mövzu ətrafında Lənkəran Dövlət Universitetinin dosenti Kamal Mahmudov və Azərpaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının baş müəllimi Fuad Mürsəlli elmi məruzələrlə çıxış ediblər.

Məruzələrdən sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar keçirilən elmi-praktiki konfransda fəal iştirakı, həmçinin rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub. Mükafatlar Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkili Məşhur Məmmədov, YAP Mərkəzi aparatının rəsmisi Əli Axundov,  və YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov tərəfindən sahiblərinə təqdim edilib. Təltif olunanlar arasında elm xadimləri, müəllimlər və partiya fəalları yer alıb.

Konfransın sonunda Masallı Dövlət Regional Kollecinin müəllimi Lətafət Atakişiyevanın təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub. Daha sonra tədbir Atamoğlan Zahidovun ifasında səslənən "Heydər Xalqım deyəcək, xalq Heydər söyləyəcək" mahnısı ilə yekunlaşıb.

 

 

Keçidlər