Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda  “Ümumrayon valideyn konfransı” təşkil olunub

18 dekabr 2025 | 21:47

18 dekabr 2025-ci il tarixdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı Rayonu üzrə Təhsil sektorunun təşkilatçılığı ilə Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində ümumrayon valideyn konfransı keçirilmişdir.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov, RİHB aparatının əməkdaşları, Masallı Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azay Ağayev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, ümumtəhsil məktəblərinin direktorları və valideynlər iştirak etmişlər.

Konferansda Ulu Öndər Heydər Əliyev, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.  

Tədbiri giriş sözü ilə açan  Masallı Rayon İcra Hakimiyyəti başçısı  Araz Əhmədov  konfransın məqsədinin məktəb–valideyn–cəmiyyət əməkdaşlığını daha da gücləndirmək, uşaqlarımızın sağlam mənəvi mühitdə formalaşması və yetkinlik yaşına çatmayanlar arasında narkomaniya, erkən nikah hallarının qarşısının alınmasında  valideyn məsuliyyətini ön plana çıxarmaq və təlim-tərbiyə prosesində birgə fəaliyyət imkanlarını genişləndirməkdən ibarət olduğunu diqqətə çatdırdı. Rayon rəhbəri bildirdi ki, erkən nikah Masallı Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqətdə saxlanılan  mövzudur. Bu səpkidə tədbirlərin keçirilməsi, maarifləndirmə işlərinin aparılmasının nəticəsidir ki, əvvəlki illərdən fərqli olaraq hal-hazırda erkən nikahın qarşısı alınaraq azalmaqdadır.Erkən nikah təhsildən yayındırır.Bu, sadəcə fikir deyil, statistikalarla sübut olunmuş bir həqiqətdir. Təhsildən kənarda qalan qızlar gələcəkdə iş tapmaqda çətinlik çəkir, iqtisadi cəhətdən asılı vəziyyətdə qalır və bu da yoxsulluq dövrünün davam etməsinə səbəb olur. Təhsilsiz ana isə çox vaxt təhsilsiz övlad deməkdir.

Unutmayaq ki, təhsil bir hüquqdur, nikah isə seçim olmalıdır. Erkən nikah bu hüququ əlindən alaraq uşağın gələcəyini məhdudlaşdırır.

Gəlin, uşaqları ailə məsuliyyəti altına deyil, məktəbə, biliyə və gələcəyə yönəldək,elə bir cəmiyyət quraq ki, hər bir uşaq vaxtında böyüsün, vaxtında seçim etsin və gələcəyini özü qursun, rəqəmlərin arxasında gizlənən uşaqların səsini eşidək və onlara seçim haqqı verək. Çünki hər bir uşaq təhlükəsiz, azad və təhsilli gələcəyə layiqdir.

Nəticə olaraq, erkən nikahın qarşısını almaq yalnız hüquqi tədbirlərlə deyil, həm də təhsil, maarifləndirmə və cəmiyyətin maariflənməsi ilə mümkündür. Bilmək vacibdir ki, təhsilli qadın – sağlam ailə, güclü iqtisadiyyat və sabit cəmiyyət deməkdir.

Sonra çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, Bəhruz Mehdiyev təhsil sahəsində aparılan islahatlar, valideynlərin təhsildə rolu və gələcək perspektivlər barədə geniş məlumat vermişdir.

Daha sonra konfrans iştirakçıları yetkinlik yaşına çatmayanlar arasında narkomaniya və onun fəsadlarından bəhs edən video çarxı izləyib.

Video çarxdan sonra Masallı Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azay Ağayev uşaqların təhlükəsizliyi, hüquqlarının qorunması, erkən risklərin qarşısının alınması və valideyn məsuliyyəti mövzusunda valideynlərə geniş məlumat vermişdir.

Konfransın davamında Lənkəran Dövlət Dram Teatrının aktyorları tərəfindən  ailə, valideyn məsuliyyəti, erkən nikah mövzusunda kiçik tamaşa təqdim edilmişdir.

Daha sonra Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev valideyn–məktəb əməkdaşlığının mövcud vəziyyəti, qarşıda duran vəzifələr və birgə fəaliyyət istiqamətləri barədə çıxış etmişdir.

Masallı Rayon N.Gəncəvi adına Mədəniyyət Mərkəzində baş tutan  konfrans  Güllütəpə kənd tam orta  ümumtəhsil məktəbinin direktror müavini  Rövşən Muxtarovun moderatorluğu ilə panel müzakirələrlə davam etmişdir.

Keçidlər