Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anım mərasimi keçirilib

16 avqust 2022 | 18:33

16 avqust 2022-ci il tarixdə Masallı rayonunun Viləş kəndində Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərlinin anım mərasimi keçirilib. 

Bu münasibətlə keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və fəalları, Milli Məclisin deputatları Məşhur Məmmədov və Professor Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, şəhid valideynləri, müharibə iştirakçıları, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasim iştirakçıları Viləş kəndindən olan şəhidlərin, o cümlədən Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

Anım mərasimi şəhid qardaşların böyüdüyü evdə davam etdirilib.

Söz Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədova verilib. Rayon rəhbəri şəhid valideynlərinə müraciət edərək bildirib ki, sizinlə birlikdə şərəf duyuruq. Bütün şəhidləri yad edirik, Allahdan onlara rəhmət diləyirik. Bu gün hamımızın damarından şəhid qanı axır. Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyev deyir ki, onlar az yaşayıblar, dünyadan gənc gediblər, şəhid olaraq gediblər. Amma onlar hər zaman ürəyimizdə yaşayacaqlar. Bəli, şəhidlər ölməyib, onlar əbədi ad qazanıblar… O valideynlər xoşbəxtdirlər ki, belə bir oğullar, İntiqam kimi, Nurlan kimi övladlar böyüdüblər. Sizin ailəniz bütöv Azərbaycan üçün örnəkdir. Siz bilməlisiniz ki, onlar bizim övladımızdır, biz də sizin övladınızıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.   

Sonra çıxış edən iki şəhid anası - İntiqamın və Aprel döyüşlərinin şəhidi Nurlanın anası Ziba xanım, övladlarının keçdiyi döyüş yolundan, onlarda olan yüksək vətənpərvərlik hissindən danışıb. Bildirib ki, övladları az ömür yaşasa da, torpaq uğrunda şəhid olublar. Onların adları tarixdə əbədi qalacaq.

Atası Bayram Əsgərov da şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbəri, Azərbaycan Prezidenti cənab İlham Əliyevə hədsiz minnətdarlığını bildirib. 

Milli Məclisin deputatları Məşhur Məmmədov və Professor Anar İsgəndərov, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusunun qazandığı Qələbədən söz açıblar. Qeyd olunub ki, qəhrəmanlıq dastanı yazan, cənnətdəki növbəti ad gününü qeyd edən İntiqam kimi igid oğullarımızın Vətən müharibəsində göstərdiyi şücaət Azərbaycan tarixində ən şanlı səhifə kimi qalacaq. Şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.

Daha sonra ehsan süfrəsi açılıb, şəhidin ruhuna dualar oxunub.

Qeyd edək ki, İntiqam Əsgərli 1990-cı il avqustun 16-da Masallı rayonunun Viləş kəndində anadan olub. O, 1997-2008-ci illərdə S.Hacıyev adına Viləş kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ildə Quru Qoşunlarının gizirlik kursunu bitirən İ.Əsgərli 2014-cü il Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi işə başlayıb.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan İntiqam Əsgərli Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və noyabrın 9-da qəhrəmancasına şəhid olub. “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan İntiqam Əsgərliyə Vətən Müharibəsi Qəhrəmanı fəxri adı verilib.

Masallı şəhərinin mərkəzi küçələrindən biri İntiqam Əsgərlinin adını daşıyır.

İntiqam Əsgərli ailəli idi, iki övladı - Nur və İntiqam ondan yadigar qalıb...

Keçidlər