Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Vətən Müharibəsi Qəhrəmanının xatirəsi anılıb

16 avqust 2023 | 20:58

Masallı rayonunda Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərlinin doğum günü qeyd olunub.
Anım tədbiri şəhidin adını daşıyan Masallı şəhər 3 nömrəli tam orta məktəbində keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov və digər rayon rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, “Təbəssüm yarat” ictimai birliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, media mənsubları iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov 44 günlük Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatmasında Ali Baş Komandanımızın rəhbərliyilə müzəffər ordumuzun rəşadəti, İntiqam kimi igidlərimizin hesabına mümkün olduğunu bildirib. Rayon rəhbəri adları Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim ehtiramla yad edildiyini, gələcək nəsillərə örnək olduğunu söyləyib.
İ.Əsgərli adına Masallı şəhər 3 nömrəli tam orta məktəbinin direktoru Astan İbişov, Viləş kənd tam orta məktəbinin müəllimi Nazimə Tahirova İntiqam kimi qəhrəman oğullarımızın yüksək vətənpərvərlik hissindən danışıblar.
Çıxışlarda şəhid İntiqam Əsgərlinin şərəfli həyatı və döyüş yolundan bəhs edilib.
Bildirilib ki, İntiqam Bayram oğlu Əsgərli 1990-cı il avqustun 16-da Masallı rayonunun Viləş kəndində anadan olub. O, 1997-2008-ci illərdə şəhid Sehran Hacıyev adına Viləş (Kalinovka) kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ildə Quru Qoşunlarının gizirlik kursunu bitirən İ.Əsgərli 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi xidmətə başlayıb. 2015-ci ildə Türkiyədə kəşfiyyat kursunu bitirib.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecə yarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı İntiqam Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir Nurlan Əsgərli ilə birlikdə döyüşüb. 4 aprel 2016-cı ildə Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qardaşı Nurlan Əsgərli qəhrəmancasına şəhid olub. İntiqam Əsgərli onun nəşini özü döyüş meydanından çıxardıb.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri İntiqam Əsgərli 44 günlük Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və noyabrın 9-da qəhrəmancasına şəhid olub. “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan İntiqam Əsgərliyə "Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib.
Masallı şəhərinin mərkəzi küçələrindən biri və şəhər 3 nömrəli tam orta məktəbi İntiqam Əsgərlinin adını daşıyır.
İntiqam Əsgərli ailəli idi, Nur adlı qızı, İntiqam adlı oğlu yadigar qalıb.
“Yeni həyat” ictimai-siyasi qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, tədbirdə RİH başçısı Araz Əhmədov “Təbəssüm yarat” İctimai Birliyinin rəhbərliyini Fəxri fərmanla təltif edib.
Şəhidlərin valideynləri Ziba xanım, Bayram kişi qəhrəman övladları ilə fəxr etdiklərini, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq bildiriblər.
“Təbəssüm yarat” İctimai Birliyi tərəfindən 100 imkansız ailənin övladlarına geyim və dərs ləvazimatları hədiyyə edilib.
Sonra mərasim iştirakçıları Masallı şəhər Qəhrəmanlar parkındakı “Şəhidlər” abidə kompleksini, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin Viləş kəndindəki məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyaraq, şəhidlərimizin ruhlarına dualar oxuyublar.
Anım mərasimi şəhid qardaşların böyüdüyü evdə davam etdirilib.

Keçidlər